"Azərbaycanda 100 kişidən 99-u xəyanət edir, digər 1-i isə..." - Aytən Səfərova » AzNews.info -Xəbər portalı

"Azərbaycanda 100 kişidən 99-u xəyanət edir, digər 1-i isə..." - Aytən Səfərova

"Azərbaycanda 100 kişidən 99-u xəyanət edir, digər 1-i isə..." - Aytən Səfərova


Hazırcavab aparıcı Aytən Səfərova "Üç nöqtə" layihəsində yarımçıq qalan sualları tamamlayıb.

AzNews.info Publika.az-a istinadən aparıcının cavablarını təqdim edir:

- "Kökaltı", yoxsa "Xüsusi layihə...

- Zənnimcə, "Xüsusi layihə" artıq baxılır. "Kökaltı"nın populyarlaşması üçün uzun müddət lazım oldu. Yeni veriliş üçün zamana ehtiyac yoxdur, çünki indi sosial şəbəkələr çox aktivdir. Verilişin tanınmasında sosial şəbəkələrin rolu böyükdür.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Dünyasını dəyişmək, ölmək deməkdir. Mən hələ ki, yaşamaq və yaratmaq istəyirəm. Məcazi mənada verilən suala gəlincə, əlbəttə ki, müharibələrin əleyhinəyəm. Müharibələr xəstə təxəyyüldən, paxıllıqdan, tərbiyəsizlikdən, uşaqlıqda normal mənəvi tərbiyə görməməkdən, mənəvi yoxsulluqdan və digər problemlərdən dolayı baş verir. İstərdim ki, müharibələri yer üzündən yox edim.

- İndiki ağlım olsaydı...

- Anama çox cavab qaytarmazdım. Bu günə kimi çox cavab qaytarmışam, yaşa dolduqca ağıllanıram. Başa düşürəm ki, valideyn qədrini vaxtında bilmək lazımdır. Qızım mənim ikiqat hazırcavab versiyamdır. Odur ki, anamın nələr çəkdiyini indi anlayıram. Qızım çox düşüncəli və ağıllı uşaqdır. O, bəzən öz fikirlərini mənə aşılamaq istəyir. Onun baxış prizmasından nəzər salanda, müəyyən məsələlərdə mən qızım üçün geridə qalmış hesab olunuram. Belə də olmalıdır, təbii prosesdir.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Azərbaycanda 100 kişidən 99-u xəyanət edir. Qalan bir nəfər də gedir, amma yarı yoldan həyat yoldaşı zəng edir ki, uşaq xəstədir, ona görə də evə qayıtmalı olur. Bizim ölkədə xəyanət etməyən kişi yoxdur. Bilmirəm ki, bu, nədən irəli gəlir. Bəlkə də sadiq ərlər var, əgər varsa, onlara əhsən düşür. Sadəcə murdarçılıqdır.

Xəyanət sözü qeyri-ciddi səslənir. Zina sözünün isə böyük əhəmiyyəti və ağır yükü var.

Məncə, kişilər bic, onu ailəsindən ayıran, ailə dağıdan, onlara qarşı magiyalardan istifadə edən qadınları aldatmır. Nəticədə kişi zombiləşir və sözün əsl mənasından mal olur. Başı daşdan-daşa dəyəndən sonra kişi səhvini anlayır, amma onda da gec olur.

Addım atmazdan əvvəl insan həmişə düşünür, "Edim, ya etməyim?" sualları arasında seçim edir. Əgər bu adam bir dəfə xəyanət edibsə və hərəkətinə görə peşmandırsa, "Bağışla, qələt etmişəm, bir də olmayacaq", - deməyə cəsarəti çatırsa, bir dəfə ailə və övladların xətrinə bağışlamaq olar. İkinci dəfə təkrarlansa, çamadanı yığıb qapıya qoyursan, gələndə özü hər şeyi başa düşəcək.

Kişi unutmamalıdır ki, ondan da yaxşıları var. Bu həyatda heç kim heç nədən sığortalanmayıb. Əgər öz xanımının qədrini bilmirsənsə, kənara çəkil. Bəlkə qarşısına onu xoşbəxt edə biləcək bir başqası çıxacaq.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Maraqlı qadınlar həmişə və hər yerdə sevilir. Bəziləri deyir ki, Aytən Səfərova kökdür. Kök olsam da, bilirəm ki, çox maraqlı qadınam. İstənilən məclisdə oturanda bütün diqqət məndə olur. Əminəm ki, insanların maraq dairəsini cəlb edə bilirəm. Bir var ki, gözəl geyinib və bəzənib, hansısa məclisə gedirsən, amma danışanda insanların əti tökülür. Belə xanımları görəndə, istər-istəməz deyirsən ki, kaş ağzını açmazdı.

Qadın müəyyən məqamlarda fədakarlıq göstərməli, amma özünü tam fəda etməməlidir. Azərbaycan qadınlarının əsas problemi odur ki, bütün həyatını kişiyə qurban verir. Onda da bayaq danışdığımız xəyanət məsələsi gündəmə gəlir, gözü başqasını axtarır.

Qadının şıltaqlığı olmalıdır, lazım olanda naz etməli və küsməyi bacarmalıdır. Ümumiyyətlə, o, keçirdiyi duyğuları gizlətməməlidir. İndi kişilər arvadlardan daha çox küsür.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Yaş və ya quru kompleksim yoxdur. Açığını deyim, 40-a yaxın yaşım olsa da, görürəm ki, maşallah olsun, bir çox yaşıdlarımdan daha cavan görünürəm. Qadın baxımlı olanda həmişə gənc görünür. 40 yaşında bir qadın 25 yaşlı gənc qızdan daha baxımlıdırsa, onu kölgədə qoyacaq. Hesab edirəm ki, baxımlı qadınlar yaşını gizlədə bilər. Ümumiyyətlə, insanın iki yaşı olur, bir pasport, digəri isə zahiri görkəminə görə verilən yaş.

- Qadına qarşı şiddət...

- Bu, kişinin zəifliyidir. Kişi xeylağı qadına əl qaldırmamalıdır. Əgər yerini bilən xanımlardan söhbət gedirsə, münasibətim çox pisdir. Amma hərdən qadın o həddə çatdırır ki, kişi ona əl qaldırmağa məcbur olur. Kişi də bir neçə dəfə dözür, sonda səbri daşır və ona bir şillə vurur ki, özünə gəlsin. Ürəyi gedən adam da şillə vururlar ki, oyansın. O mənada nəzərdə tuturam. Bəzən belə şillə lazım olur, amma qadını döymək, bədən xəsarətləri yetirmək və zorakılıq tətbiq etmək, sözsüz ki, heç bir halda düzgün deyil.

- Vicdan...

- Bu gün Atv-də olmağımın, xalq arasında sadə insanlar tərəfindən sevilməyimin və həyatda Aytən Səfərova kimi yer tutmağımın səbəbi vicdanımdır. Çünki vicdanım haqsızlıqlara susmayıb və göz yummayıb. Odur ki, vicdanlı olmaq həyatımın əsas amillərindən biridir. Vicdan olan yerdə ədalət də, rifah da, ruzi və bərəkət də olacaq. Əslində ədalətsizliklərin və bir çox problemlərin kökündə vicdansızlıq dayanır.

- Yaradıcılıq...

- Super yaradıcı şəxs olduğumu iddia etmirəm, buna baxmayaraq, Azərbaycan televiziyasında çalışan aparıcılarla müqayisədə çoxundan yaradıcıyam. Ciddi məsələlərdə, iş prosesində nizam-intizam vacibdir. Onu da unutmaq olmaz ki, yaradıcılıq çərçivələrə sığmır. Yaradıcı insan heç vaxt əsgər rejimində çalışa bilməz.

- Tez-tez təəssüf edirəm ki...

- Yaşadıqlarımız alın yazısıdır. Yazıya da pozu yoxdur. Təəssüflənirəm ki, vaxtında bir neçə həmkarıma və qohumlarıma layiq olduğundan artıq dəyər vermişəm. Sonra anlamışam ki, səmimiyyətindən istifadə etməyə çalışıblar. Düzünü desəm, belə hallar məndə ciddi təəssüf hissi doğurmur. Çünki təəssüflənməyimə səbəb olan hadisə xasiyyətimin formalaşmasına və bərkiməsinə səbəb olub.

- Vanqa nənə ilə görüşsəydim...

- "Necəsən, nə var, nə yox?", "Bizi nələr gözləyir?", "Bu işlərin sonu necə olacaq?" və başqa suallar verərdim. Sözsüz ki, Vanqaya çoxlu suallarım olardı. Öz həyatım və gələcəyim barədə maraqlanardım.

Onu da soruşardım ki, nə vaxta qədər bu dığalar (ermənilər - red.) torpaqlarımızda at oynadacaq. Qarabağın azad olunacağı tarixi soruşardım ki, o vaxt orada hamıdan birinci olum və şad xəbəri camaata mən ötürüm.

- Küsülü olduğum insana demək istəyirəm ki...

- Kinli adam deyiləm, birinci özüm addım atmağa çalışıram, böyüklüyümü göstərirəm. Təəssüf ki, Azərbaycanda böyüklüyü çox adam düz anlamır.

Kiməsə badalaq vurmaq, altdan-altdan iş görmək, düşmənçilik etmək mənlik deyil. Özünü fağır, fədakar, həddən artıq sakit aparan adamların əksəriyyəti qeyri-səmimi olur. Özümüzü elələrindən qorumalıyıq. Sözü həmişə birbaşa, adamın üzünə qırmızı deyən insanlar arxada iş görmürlər.

- Ən böyük səhvim o olub ki...

- İlk dəfə avtomobil sürəndə dönmə nişanı sağa idi, mən sola döndüm. Tappa-tarap səsi indi də qulağımdır.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Dəstəyə və qayğıya ehtiyacı olan həqiqətən də tənha insanlar var. Buna lənət deməzdim, ola bilsin ki, Allahın sınağıdır. Heç kim tənhalıqdan sığortalanmayıb.

Bir qrup da öz tərs xasiyyətləri üzündən tənha qalır, sonradan başa düşürlər və yaxud səhvlərini başa düşməyərək dünyadan köçürlər. Məsələn, mən yaradıcı insanam, həftədə bir və ya iki dəfə tək qalmaq istəyirəm ki, beynim sakitləşsin.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Dərhal niyə yalan danışdığının səbəbini soruşuram. Ya da zarafata salıb sözümü yeridirəm ki, qardaş sənin qarşındakı elə-belə adam deyil, mənə də yox da.

- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Toyda sizin əyninizdə olan paltarın eynisini başqasında görəndə gözünüzdən düşür, maraqsızlaşır. Kainatda Allahdan kamil varlı yoxdur, belə yaradıbsa, deməli, bir-birimizi olduğumuz kimi qəbul etməliyik. Bəşəriyyət Allahın böyük əsəridir. Şeytan da hərdən gəlib oraya ləkələr salır.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Hər şeyin əvvəlləri olduğu kimi sonu da olacaq. Düzü, mən öləndən sonra bəşəriyyətin taleyi vecimə də deyil.

- Günahlarım yadıma düşəndə...

- Günahsız insan yoxdur, lakin Allah rəhimlidir. Bilirəm ki, hər hansı günah iş görsəm, sabah qarşıma sınaq çıxaracaq. Allah qarşıma bir insan çıxarır və onunla necə rəftar edəcəyimi sınayır. Elə əməllərim var ki, insanların bilməsi vacib deyil, Allahın görməsi kifayətdir.

Bu sualı məndən betər günahı olanlara verin, görən nə cavab verəcəklər.

- İlahi ədalətə inancımı o zaman itirdim ki...

- Hələ ki, ilahi ədalətə inancımı itirməmişəm.

- Heç vaxt heç kimə icazə vermirəm ki...

- Xoşlamıram ki, kimsə mənə icazə vermədiyim qədər yaxınlaşsın. Mədəniyyətsizlik, kişi xeylağının yanımda oturub siqaret tüstülətməsi, yolun ortasına tüpürməsi, əsnəməsi məni çox qıcıqlandırır. Heç vaxt heç kimə icazə vermirəm ki, mənə hörmətsizlik etsin. Məsələn, yaşı qədər iş təcrübəm olan insanların mənə "sən"lə müraciət etməsini sevmirəm. Subardinasiya qaydalarını itirənlərdən uzaq olmağa çalışıram. Bu, yekəxanalıq deyil, sadəcə, özümə hörmət edirəm.

- O zaman düşünmədən riskə gedirəm ki...

- Hər zaman düşünmədən riskə gedirəm. Riskdən söhbət gedirsə, deməli, düşüncə üçün vaxt yoxdur, ya getməlisən, ya yox. Rusların yaxşı sözü var: kim riskə getmirsə, o, şampan içmir.

- Güclü və ya saf qadın...

- Saflıq mexanizmi mənəviyyatdan asılıdır. O, anadan olanda insanda ya var, ya da yoxdur. Həyat qadını elə vəziyyətə gətirib çıxarır ki, zamanla daşlaşır və robotlaşır. Bu, o demək deyil ki, zəhmli xanımlar saflıqdan uzaqdır. Sadəcə ətrafı vadar edir ki, o cür sima alsın.

Əslində özlərini tülkülüyə qoyan, həmişə ağlayan, özünü pişik kimi aparan qadınlar güclüdür. Çünki onlar müxtəlif hiylələrlə kişiləri yanlarında saxlayır.

Özünü güclü adlandıran qadınlar isə bütün yükü öz çiyinlərinə götürür. Evin kişisi də fikirləşir ki, onsuz da onun görməli olduğu işi xanımı, anası və ya bacısı yerinə yetirəcək. Yadda saxlamaz lazımdır ki, həmişə ən çox özünü güclü göstərən qadının dayağa, qayğıya və diqqətə ehtiyacı var.

- Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...

- Bir dəfə uşaqlarla labirintə girdim, elə məkanları çox sevmirəm, ürəyim sıxılır. Bir qız bizi oradan çıxardı.

Digər çıxılmaz vəziyyətlərdən çıxmaq üçünsə Allah bizə dil, heyvanlardan fərqli olaraq insanlara şüur verib. Ağlımı işlədirəm, vəssalam.

- Yaxşı gündə, pis gündə...

- Yaxşı gündə də, pis gündə də insanın gözü qapıda qalır. Baxır ki, hansı gündə, hansı insanlar qapını açıb içəri girəcək.

- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik. Fikirlərinizi öyrənmək maraqlı oldu.

- Minnətdaram.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *