Nazir: DSMF-in fəaliyyəti qənaətbəxş deyil
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda sosial sığorta daxilolmaları və əhaliyə xidmətlər sahəsində mövcud vəziyyətin müzakirəsi, bu sahələrdə qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə müşavirə keçirib.
Virtualaz.org-un məlumatına görə, nazir qeyd edib ki, əhaliyə xidmətlər vətəndaşlarda narazılıq yaradan hallardan, həmçinin süründürməçilikdən uzaq, tam şəffaf müstəvidə, ədalətli yanaşmalar üzərində, vətəndaş məmnunluğu doğura biləcək səviyyədə qurulmalıdır.
Fondun fəaliyyətinin nəticələrinin qənaətbəxş olmadığını qeyd edən nazir diqqətə çatdırıb ki, sosial təminat növlərinin təyinatı ilə əlaqədar müraciət edən vətəndaşlara həssaslıqla yanaşılmalıdır.
“Onlara qanunla nəzərdə tutulan təminat növlərinin təyin edilməsi zamanı süründürməçiliyə yol verilməməlidir. Ölkəmizin özündə vətəndaş məmnunluğuna səbəb olan ASAN xidmət modeli mövcuddur ki, Fondun yerli orqanlarında bu müasir, mədəni xidmət təcrübəsindən istifadə edilə bilər. Vətəndaşlarla kobud münasibətə yol verilməsi halları aradan qaldırılmalı, müvafiq hallarda insanlara qanunvericiliyin tələbləri barədə sadə və aydın şəkildə dolğun izahatlar verilməlidir”, - deyə nazir vurğulayıb.
Mənbə:> Virtualaz.org