Yeni nazir əlilliyin təyinatı ilə bağlı İşçi qrup yaratdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə İşçi qrup yaradılıb.
Bu barədə virtualaz.org saytına Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.
Nazir Sahil Babayevin əmri ilə yaradılan İşçi qrup əlilliyin qiymətləndirilməsi ilə bağlı proseslərin təkmilləşdirilməsi və narazılıq hallarının aradan qaldırılması ilə məşğul olacaq. İşçi qrup bu gün ilk iclasını keçirib.
Nazir bildirib ki, yeni yaradılan İşçi qrupunun qarşısında bir sıra vəzifələr qoyulub. O, əlillik təyinatlarının monitorinqinin həyata keçirilməsi istiqamətində Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə iş aparacaq. Həmçinin “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə dəyişikliklər edilməsi barədə təkliflər hazırlayacaq.
Nazir müavini Natiq Məmmədov İşçi qrupunun rəhbəri təyin edilib.
Mənbə:> Virtualaz.org