Nazir əlilliyin təyin olunmasındakı yeni sistem haqda
Ötən il ilkin əlillik təyin olunanların sayı 31 faiz azalıb. Həmçinin ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayı 49 faiz az olub.
Virtualaz.org saytı xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Kollegiya iclasında bildirib.
“Əlilliyin qiymətləndirilməsi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi əsasında elektronlaşdırılıb. Həmin sistemin qurulması əlilliyin qiymətləndirilməsinin vətəndaş-ekspert təması olmadan, elektron müstəvidə və şəxsin kimliyi, göndəriş verən təşkilatın hansı səhiyyə qurumu olduğu bilinmədən, şəffaf şəkildə həyata keçirilməsinə imkan verib. Əlillik dərəcələrinin təyin olunmasında obyektivliyə və şəffaflığa təminat verən bu elektron sistem əlilliyin azalmasına da imkan yaradıb”, - nazir deyib.
S.Müslümov deyib ki, I dərəcə əlilliyin müddətsiz müəyyən olunmasının, II və III dərəcə əlilliyin müddətinin beş ilədək, sağlamlıq imkanlarının məhdudluğu müddətinin 3 ilədək uzadılmasının əlilliyin hər il təkrar qiymətləndirilməsi praktikasının aradan qalxması üçündür. Beləliklə, 250 minə yaxın insan hər il təkrar müayinədən keçməkdən qurtulub. Ötən il də 28 488 nəfərin əlilliyi və sağlamlıq imkanlarının məhdudluğu Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi tərəfindən avtomatik uzadılıb.
S.Müslümov əlavə edib ki, hazırda Milli Məclisdə baxılmaqda olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsində də əlilliyin qarşısının alınması və əlilliyi olan şəxslərin reabilitasiyası məqsədinə xidmət edən bir sıra önəmli tədbirlər əksini tapıb.
İclasda nöqsanlara yol verən şəxslərə xəbərdarlıq olunub.
Mənbə:> Virtualaz.org