“Bakı Marafonu 2018”-in qalibləri mükafatlandırılıb – FOTO
Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil edilən “Bakı Marafonu 2018”-in qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Trend-in məlumatına görə, “Bakı Marafonu”nun qalibi ukraynalı İqor Olefirenko olub. O, marşrutu 1 saat 6 dəqiqəyə qət edib. Bu, Bakıda keçirilən marafonlar tarixində rekord göstəricidir.
İkinci yerin sahibi iranlı Məhəmməd Cəfər Muradi olub. Türkiyəli Ömər Alkanoğlu isə ilk üçlüyü tamamlayıb.
Marafonun qadın kateqoriyası üzrə qalibi türkiyəli Çelik Fadime olub. Ukraynalı Valentina Poltavska ikinci, rusiyalı Anastasiya Petrova isə üçüncü yeri tutub.
Bundan başqa, paralimpiyaçılar arasında Mehman Ramazanzadə finişə birinci çatıb.
“Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu” ardıcıl üçüncü ildir təşkil olunub.
Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.
“Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.
“Bakı Marafonu” idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədilə təşkil olunur. Yarışda 16 yaşdan yuxarı şəxslər əvvəlcədən qeydiyyatdan keçərək iştirak ediblər.
Marafonda Azərbaycanın regionlarının - Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Qusar, Lənkəran, Astara, Naxçıvan, Qəbələ, Şamaxı, Zaqatala, Şəki, Oğuz və digər bölgələrin sakinləri də iştirak ediblər.
Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, İtaliya, Fransa, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Belarus, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq, ABŞ, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Kolumbiya, Litva, Latviya, Almaniya, Çex Respublikası və digər ölkələrin təmsilçiləri qoşulub.
Həmçinin marafonda İtaliya, Rusiya, Türkiyə, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Türkmənistan, Kolumbiya, BƏƏ, Litva və Latviyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak ediblər.
Marşrut boyunca marafonçuları DJ-lər, dəstək qrupları finişə çatmağa təşviq edib. Hər 3 kilometrdən bir yardım məntəqələri fəaliyyət göstərib.
Finiş nöqtəsində - Bakı Olimpiya Stadionunda yaradılan fan zonasında müxtəlif əyləncə proqramları təqdim olunub.
“Bakı Marafonu 2018”-in qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunublar. Bununla yanaşı, kişi və qadın kateqoriyaları üzrə 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr verilib. O cümlədən, bütün marafon iştirakçılarına təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunub.
“Bakı Marafonu 2018” layihəsinin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirib.
“Bakı Marafonu 2018”-də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
Mənbə:> Trend