Bu gün “Gəncə Marafonu - 2017” start götürür
Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” start götürür.
Oxu.Az-ın məlumatına görə, Gəncə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında marafona ev sahibliyi edəcək ilk şəhər olacaq.
Layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır.
“Gəncə Marafonu - 2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur.
Marafon Gəncə şəhərində “Zəfər Tağı”ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.
“Gəncə Marafonu - 2017”nin mükafatlandırma mərasimi 2 kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda mübarizə aparacaqlar.
Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000, 2-ci yerin qalibi 2000, 3-cü yerin qalibi isə min AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.
Xatırladaq ki, bu vaxtadək Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016 və 2017-ci illərdə paytaxt Bakıda “Küləyə qalib gəl!” şüarı altında “Bakı Marafonu” təşkil olunub. Ardıcıl olaraq keçirilən marafonlara ümumilikdə Azərbaycandan və digər ölkələrdən 20 000-dən çox iştirakçı qoşulmuşdu. Marafon region sakinləri tərəfindən böyük maraqla qarşılandığından yarışın Gəncə şəhərində də keçirilməsinə qərara verilib.
Mənbə:> Oxu.Az