Miqrasiya Xidmətinin yeni rəisi gənclərə və jurnalistlərə “stavka” edəcək – VİDEO
Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov mediaya ilk müsahibəsini verib.
Virtualaz.org bildirir ki, Lider TV-yə verdiyi qısa müsahibədə o, qurumun gələcək fəaliyyəti, qarşıda duran prioritetlər və atılacaq addımlar haqqında danışıb.
Vüsal Hüseynov bildirib ki, Miqrasiya Xidmətindəki fəaliyyəti ilk növbədə Prezidentin qarşıya qoyduğu vəzifələrin tam icra edilməsinə yönəldiləcək.
“İlkin mərhələdə mövcud vəziyyətin təhlilinə başlamışıq. Daha çox hansı sahələrdə boşluqların olduğunu araşdırırıq. Və atacağımız addımların “yol xəritəsi”ni hazırlamaqla məşğuluq. Artıq ümumi istiqamətləri müəyyən etmişik”,- Vüsal Hüseynov deyib.
O bildirib ki, qoyulmuş tapşırıqların icrasını hansı kadrlarla tam, yüksək səviyyədə həyata keçirmək mümkündürsə, Miqrasiya Xidmətində ancaq o tip kadrlara etimad göstəriləcək. Hüseynov kadr korpusunun yenilənəcəyini, gənc əməkdaşların xidmətə cəlb ediləcəyini də vurğulayıb: “Əsas yanaşma ondan ibarətdir ki, bu kadrlar həm müvafiq sahədə yüksək bilik və bacarıqlara malik olsunlar, eyni zamanda, dövlət qulluğunun fəlsəfəsini, mahiyyətini anlasınlar, həmçinin Cənab Prezidentin dövlət qulluqçusunun necə olması haqda baxışlarını paylaşsınlar”.
Dövlət Miqrasiya Xidmətinin yeni rəisi media ilə açıq şəkildə işləyəcəklərini də bildirib.
Mənbə:> Virtualaz.org