Sabirabadda pambıqçıları daşıyan lafet aşdı, ana və iki qızı da daxil olmaqla 6 qadın həlak oldu – YENİLƏNİB
Sabirabadda traktor qoşqusunun kanala aşması nəticəsində həlak olan qadınlar iki ailənin üzvləridir. Yaxın qohum olan qadınlar pambıq tarlasını alaq etmək üçün gediblər.
Bu barədə virtualaz.org-a Sabirabad rayon Şəhriyar kənd bələdiyyəsinin sədri Əliş Əliyev bildirib. Onun sözlərinə görə, həlak olanların ən kiçiyi 17 yaşındadır.
“Hamısı yaxın qohumlardır, dayıqızı bibi qızıdırlar. Həlak olanlardan biri ana və iki qızıdır. Birinin 17, o birinin 18 yaşı var. Hadisə qoşqu traktordan açılıb düşdüyünə görə baş verib. Hazırda araşdırma aparılır”, - deyə bələdiyyə sədri bildirib.
Əlavə edək ki, ölənlər Bağırova Elnarə İbrahiməjdər qızı, onun qızları Bağırova Fatimə Teymur qızı, Bağırova Zəhra Teymur qızı, onların qohumları İmanova Məlahət Mehbalı qızı, Qasımova Xəyalə Əbülhəsən qızı, Qasımova Günay Tofiq qızıdır.
Mənbə:> Virtualaz.org