Bakıda taksi sürücüsü çinli turistə qiymət “oxudu”, qapıları bağlayıb düşməyə qoymadı
Bakıda taksi sürücüsü “Formula-1” ərəfəsində Bakıya gələn çinli turistə kələk gəlmək istəyib. “Port Baku”dan “Abu Arena”ya qədər olan məsafə üçün turist Eason Zhangdan 15 manat ödəniş tələb olunub.
Virtualaz.org xəbər verir ki, bu barədə çinli turist özü sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, həmin məsafəni “London taksisi “ilə gedib və getdiyi yerə çatanda sürücü qapıları bağlayaraq 15 manat ödəməsini tələb edib. Ödəmədiyi təqdirdə sərnişinə taksidən çıxa bilməyəcəyini deyib.
E.Zhangın polisə zəng etmək istəməsindən qorxuya düşən sürücü qiyməti əvvəlcə 10, sonra 8 manata endirib.
Maraqlıdır ki, Çindən gəlmiş turist Azərbaycandakı taksi xidmətlərinin qiymətindən məlumatlı olub. O, statusunda qeyd edib ki, bu məsafəni “189” taksi xidməti ilə 4, maksimum 5 manata getmək olar.
Turist həmçinin “Formula-1” qran-prisinin keçirildiyi bir vaxtda sürücülərin belə özbaşınalıq etmələrini pis nümunə adlandırıb.
Mənbə:> Virtualaz.org