Taksi xidmətləri qiymətləri qaldırdı – SİYAHI
Bakıda havanın qarlı olması ictimai nəqliyyatı, demək olar ki, iflic edib.
Aznews.info Fins.az-a istinadən xəbər verir ki, yollarda vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq, taksi xidməti göstərən şirkətlər də gediş haqqını artırıb.
Müraciət etdiyimiz şirkətlərə sinvolik olaraq Dövlət Statistika Komitəsinin yanından metronun “Xətai” stansiyasına gedəcəyimizi bildirdik. Şirkətlər həmin yolu bu qiymətə gedir:
“189 taksi” xidməti bu yolu 6,80 manata aparacaqlarını bildirib. Lakin adi günlərdə bu yolu 4 manata gedirlər.
“Ekonom taksi” şərti məsafəni 4,80 manata gedəcəyini dedi. Adi vaxtda isə bunu 3,80 manata apardıqlarını bildirdilər.
“Taxi 24” şirkətindən qeyd etdilər ki, əvvəl bu məsafəni 3,60 manata, indi isə 5,60 manata aparırlar.
“Felix taksi” göstərilən yolu əvvəl 3,70 manat, indi isə 5,70 manata apardıqlarını bildirdilər.
“OK taksi” isə qiymətləri 2 manat artırıb. Belə ki, göstərilən şərti yolu şirkət indi 5,30 manata aparır.
Göstərilən şərti marşrutu ən baha qiymətə gedən “London taksi”sidir. Belə ki, həmin xidmət qeyd olunan yol üçün 9,43 manat ödəniş edilməli olduğunu bildirdi. Amma normal hava şəraitində bu yolu 7 manata apardıqlarını dedilər.
“Uber” isə qiymətləri 4 dəfə qaldırıb.
Qeyd edək ki, zəng etdiyimiz bütün taksi xidmətləri ən yaxşı halda taksilərin 20-35 dəqiqə ərzində deyilən yerə gələ biləcəklərini bildirdilər.
Həmçinin, bəzi taksi xidmətləri ilə ümumiyyətlə, danışmaq mümkün olmadı. Onlar hava şəraiti ilə əlaqədar olaraq, ümumiyyətlə, işləmirlər.
Mənbə:> Fins.az