İlham Əliyev: “Bakıda 150-yə yaxın hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulur” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

İlham Əliyev: “Bakıda 150-yə yaxın hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulur”

İlham Əliyev: “Bakıda 150-yə yaxın hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulur”

"Bakı şəhərində təqribən 150-yə yaxın hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulur". Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

"Sosial məsələlərin həllinə gəldikdə, qeyd etməliyəm ki, birinci rübdə maaşlar və pensiyalar artırıldı. Bu məqsədlər üçün dövlət büdcəmizdən yüz milyonlarla manat vəsait ayrıldı. Bu addım bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İmkan yarandıqca biz dərhal birinci addımı sosial istiqamətdə atdıq. İnsanların sosial müdafiəsinin təmin edilməsi üçün praktiki addımlar atmışıq. O ki qaldı, sosial infrastrukturun yaradılmasına, birinci rübdə Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapır. Yeni xəstəxanalar, məktəblər tikilir. İlin əvvəlindən mənim tərəfimdən bu məsələlərin həlli üçün bir çox sərəncamlar verilmişdir. Yeni idman obyektləri, yeni “ASAN xidmət” mərkəzləri tikilir. Yəni, bu gün Azərbaycanda tikinti sektorunda böyük canlanma var. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə sosial evlərin tikintisində irəliləyiş var. Ümumiyyətlə, indi özəl sektora, tikinti sektoruna böyük vəsait qoyulur. Təkcə Bakı şəhərində təqribən 150-yə yaxın hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulur. Onların bir çoxunun tikintisi başlamışdır. Bu, əlbəttə ki, tikinti sektoruna, tikinti materialları sektoruna müsbət təsir göstərir və yeni iş yerləri yaradır. Qeyd etməliyəm ki, biz bu il dövlət sektorunda da əlavə iş yerləri yaratmaq fikrindəyik. Həm dövlət qurumlarında, həm rayon icra hakimiyyətləri nəzdində yaradılan yeni qurumlar insanları işə cəlb edir. İctimai işlərə və dövlət şirkətlərində çalışmaq üçün cəlb edilənlərin sayını biz nəzərə alsaq, bu il ancaq dövlət sektorunda təqribən 50 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu addımı biz iki il bundan əvvəl atmağa başlamışıq, o dövrdə ki, dünya iqtisadi böhranı bizə müəyyən dərəcədə mənfi təsir göstərmişdir. Bəzi iş yerləri ixtisara düşürdü, bəzi özəl qurumlar işçiləri işdən azad edirdilər. Ona görə dövlət dərhal öz addımını atdı və biz on minlərlə ictimai iş yeri yaratmışıq və bu gün bu proses davam edir. Xüsusilə bölgələrdə olarkən mən daim ictimai işlərlə maraqlanıram. Bu, bölgələrdə işsizliyi aşağı səviyyədə saxlamaq üçün çox önəmli addımdır. Hər bir rayonda yüzlərlə insan ictimai işlərə cəlb olunur. Nəzərə alsaq ki, indi Azərbaycanda o qədər böyük quruculuq, təmir işləri aparılır - binaların təmiri, parkların salınması, o parklara xidmət məsələləri. Əsas məqsədimiz işsizliyi daim aşağı səviyyədə saxlamaqdır. Yəni, sosial məsələlərin həlli bilavasitə iqtisadi imkanlarımıza bağlıdır. Biz iqtisadi cəhətdən nə qədər güclü olsaq, sosial məsələlər də o qədər uğurla öz həllini tapacaqdır", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, birinci rübdə bütün infrastruktur layihələri uğurla icra edilib: "Əlbəttə ki, biz Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı çox önəmli addımlar atmışıq. Fevral ayında Bakıda 4-cü Məşvərət Şurası keçirilmişdir. Bu Məşvərət Şurasında aparılan müzakirələrin nəticəsində bəyanat qəbul edilmişdir. Bu sənəddə ölkəmizin liderliyi bir daha əksini tapır. Cənub Qaz Dəhlizinin reallaşmasına az vaxt qalıb. Biz bu istiqamətdə uğurla addımlayırıq. Bu il bu layihənin 3 önəmli hissəsi başa çatacaq - TANAP, Cənubi Qafqaz Kəməri və “Şahdəniz-2”. Yəni, bu, tarixi nailiyyətimizdir və biz bu il bu istiqamətdə önəmli addımlar atmışıq. Bu il nəqliyyat sektorunda əldə edilmiş razılaşmalar da, - onlar əslində əvvəlki illərdə görülmüş işlərin əsasında əldə edilibdir, - Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına gətirib çıxaracaq. Onun çatışmayan hissəsinin tikintisinə təkan verildi. Bildiyiniz kimi, Azərbaycan öz ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işləri tamamlayıb. Bundan sonra ancaq dəmir yolunun modernləşdirilməsi ilə bağlı işlər aparılacaq ki, sürət daha da artsın. Amma bizim bütün dəmir yolu infrastrukturu - şimal və cənub sərhədlərimizi birləşdirən dəmir yolu vardır. Vəsait qoyulub və indi biz bu məsələyə regional baxımdan ciddi diqqət göstəririk. Birinci rübdə bu istiqamətdə çox önəmli addımlar atılmışdır".

"Ölkəmizdə ümumi inkişaf dinamikası çox müsbətdir. Ölkəmiz dünyada daha çox tanınır və turistlərin sayı getdikcə artır, birinci rübdə 12,5 faiz artmışdır. Əgər biz əvvəlki illəri də nəzərə alsaq görərik ki, bu dinamikada ardıcıllıq vardır. Bunun da bir çox səbəbləri var - Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələrimiz, infrastruktur, 6 beynəlxalq aeroport, yollar, otellər. Əlbəttə ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanı dünyaya təqdim edir. Onların arasında Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Eurovision” müsabiqəsi və Formula 1 yarışları xüsusi rol oynayır. Çünki Formula 1 yarışlarının tamaşaçı auditoriyası yarım milyard insana bərabərdir. Bu yarışlar şəhərimizin mərkəzində keçirilir. Biz onu xüsusilə belə təşkil etmişik ki, şəhərimiz göstərilsin, bu yarışa baxan azarkeşlər təkcə o yarışı görməsinlər, şəhərimizin gözəlliyini, müasirliyini görsünlər və daha çox Azərbaycana turist kimi gəlsinlər. Bir sözlə, birinci rübün yekunları müsbətdir. Əlbəttə ki, üç ay ərzində daha bir sıra önəmli məsələlər öz həllini tapıb", - dövlət başçısı vurğulayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *