Sumqayıt təşviş içərisində, polis isə narahatçılığa əsas olmadığını deyir – VİDEO
Sumqayıtda yayılan şayiələrə görə, azyaşlı məktəbli oğlanların “ovu”na çıxan seksual manyak onları aldadaraq kimsəsiz yerlərə aparır.
Virtualaz.org saytı sputnik.az-a istinadən xəbər verir ki, hazırda Sumqayıt əhalisi təlaş içərisindədir. Buna səbəb məktəb həyətlərində veyllənən naməlum kişidir. İbtidai sinif şagirdlərinin valideynləri sosial şəbəkələrdə şəhərdə seksual manyak – pedofilin dolaşması ilə bağlı məlumatlar yayıblar.
Sumqayıt şəhər 28 saylı məktəbin müəlliməsi isə 10-cu mikrorayonda yerləşən 24 saylı məktəbin arxa həyətindəki müşahidə kamerasının qeydə aldığı video-kadrları yayıb.
Bəzi məlumatlara görə, videonu Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarından biri paylaşıb. Kamerada orta yaşlı, səliqə ilə geyinmiş və məktəbin arxasında dolaşan kişi qeydə alınıb. Onun hərəkətləri nəsə axtarması ilə bağlı təsəvvür yaradır. Müəllimənin dediklərinə görə, təcavüzkar olduğu şübhə doğuran kişi azyaşlı oğlanları izləyir, onları toruna salır, aldadır, sahibsiz yerlərə aparır, orada onlara qarşı seksual hərəkətlər edir.
Müəllimə valideynlərdən uşaqlarına qarşı diqqətli olmağı, onları nəzarət altında saxlamağı, təhlükəsizlik tədbirləri görməyi, təcavüzdən necə xilas olmağın yollarını öyrətməyi xahiş edib.
Sumqayıt Şəhər Polis İdarəsindən isə narahatçılığıa heç bir səbəb olmadığı, son zamanlar azyaşlıların təcavüzə uğraması ilə bağlı polisə müraciət daxil olmadığı bildirilib.
“Uşaqlara hər zaman, hər yerdə nəzarət etmək lazımdır. Hazırda həddi-buluğa çatmamış uşaqlara qarşı seksual xarakterli hərərkətlər edildiyi barədə polisə məlumat daxil olmayıb. Kiminsə məktəbin həyətində nəsə axtarması onun manyak olması demək deyil”, - deyə Sumqayıt ŞPŞ-dən bildirilib.
Polisdən həmçinin qeyd ediblər ki, videokamera ilə bağlı məsələ də araşdırılıb və bu xəbərin də doğru olmadığı müəyyənləşdirilib. Bununla belə, o da vurğulanıb ki, məsələ hər bir halda nəzarətdə saxlanılacaq.
Bu arada Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə də məsələyə münasibət bildirib. O da qeyd edib ki, yayılan məlumatlar əsasında heç bir şikayət daxil olmayıb və bu sadəcə çaşqınlıq yaratmaq məqsədilə yayılan görüntülərdir: “Nə Sumqayıtda, nə də paytaxt ərazilərində yerləşən məktəblərdə, ümumiyyətlə, respublikanın heç bir bölgəsində, orta ümumtəhsil müəssisələrində, heç bir uşaq oğurluğu qeydə alınmayıb.
Görüntülərin ictimaləşməsindən sonra videonun çəkildiyi ehtimal edilən 24 saylı orta məktəbin direktoru Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunub. Direktor izahatında rəhbəri olduğu məktəbdə bu cür halın baş vermədiyini, yayılan məlumatların şayiə olduğunu bildirib".
O.Mansurzadə vətəndaşları ayıq-sayıq olmağa, bu cür əsassız informasiyalara inanmamağa çağırıb: “Vətəndaşlardan qarşılaşdıqları, yaxud üzləşdikləri hər bir qanun pozuntusu, kriminal hadisə barədə Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə, eləcə də aidiyyəti üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur”.
Mənbə:> Virtualaz.org