Orta məktəbdə rüşvət qalmaqalı – VİDEO
Sumqayıt şəhər 21 saylı orta məktəbin direktoru Vladim İbrahimov valideynlərdən rüşvət toplamaqda ittiham olunur.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, valideynlərdən biri summativ qiymətləndirməyə görə pul yığmaq üçün tərtib olunan vərəqin şəklini çəkərək sosial şəbəkədə paylaşıb.
Sənədə əsasən, məktəbin direktoru keçirilən kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə, formativ qiymətləndirmə və. s. üçün testlərin çıxarılmasına lazım olan bütün xərcləri könüllü olaraq valideynlərin öz öhdəsinə götürdüyünü təsdiqləyən akt hazırlayıb və valideyn komitəsinin bütün üzvlərinə imzalatdırıb. Valideyn aktın şəklinin çəkib sosial şəbəkədə paylaşandan sonra sözügedən təhsil ocaqında rüşvət iddiaları ortaya çıxıb.
21 saylı orta məktəbin valideynləri də onlardan pul yığıldığını təsdiqləyirlər. Lakin onlar hər summativə görə, 1 manatı öz xoşları ilə verdiklərini deyirlər.
Məsələ ilə bağlı məktəb direktoru Vladim İbrahimov şifahi bildirib ki, haqqında yayılan məlumatların heç biri həqiqətəuyğun deyil.
Sumqayıt Şəhər Təhsil Şöbəsindən isə bildirildi ki, summativ xərclər məktəb tərəfindən qarşılanmalıdır.
Mənbə:> Oxu.az