Bakıda vəzifəli şəxsin oğlu ağır qəza törədib, yaralanan var – VİDEO
E.Adıgözəlov Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğludur
Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığında keçən sürücü qəza törədib.
"10-LJ-600" dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edən 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğlu Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkətdə olarkən, işıqforun qırmızı işığında keçib.
Nəticədə, 28 May küçəsindən gələn Əsgərov Elvin Əsgər oğlunun idarə etdiyi "Nissan Sunny" markalı avtomobil onun maşınına çırpılıb. BMW-də olan sərnişinlərdən biri ağır xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə, BMW-nin sürücüsü E.Adıgözəlov sərxoş vəziyyətdə olub. O, yol polislərinin "saxla!" əmrinə tabe olmayıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. E.Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilir.
Həmin şəxs bir neçə ay öncə sərxoş vəziyyətdə Heydər Əliyev prospektində avtoxuliqanlıq edib. O, Yol Patrul Xidmətinin qanuni "saxla!" əmrinə tabe olmayaraq şəhər ərazisində təhlükəli manevrlərə yol verib və saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Sürücü məhkəmənin qərarına əsasən, 15 gün müddətinə həbs edilib.
E.Adıgözəlovun Heydər Əliyev prospektində etdiyi avtoxuliqanlığın görüntüləri:
Mənbə:> Report