Azərbaycan xəstəxanasında maraqlı xidmət: “Buna görə cinayət işi qaldırıla bilər…” – FOTO
Minval.info- xəbər verir ki, tibb müəssisəsinin daxilində çəkilən görüntü təəccüb doğurub.
Belə ki, xəstəxananın qapısına vurulan elanda xəstə yanında qalmağın ödənişli olduğu yazılıb. Bu ödəniş xəstənin yaşına görə, nəzərə alınır. Azyaşlı uşaqların yanında qalmaq pulsuzdur, 11-13 yaşında xəstələr yanında gecələyənlərə isə 50 faizədək endirim edilir.
Lakin fotonun harada və hansı dövlət və ya özəl tibb müəssisəsində çəkildiyi barədə məlumat yoxdur.
Minval.info məsələ ilə bağlı hüquqşünas Səbuhi Axundovun fikirlərini öyrənib.
O bildirib ki, qanunvericiliyə görə, dövlət xəstəxanalarında xidmət pulsuzdur: “Xəstənin yanında qalmağa gəldikdə isə buna həkimin rəyi əsasında icazə verilir. Dövlət xəstəxanalarına hər il Səhiyyə Nazirliyi tərəfindən maliyyə vəsaiti ayrılır. Bu vəsait hesabına bütün xərclər qarşılanır. Tibb müəssisəsi onların şəxsi mülkiyyəti və kommersiya obyekti deyil ki, istəkiləri kimi qiymət qoyalar, oranı istəklərinə uğun idarə edələr. Əgər belə bir hal varsa, bununla bağlı prokurorluq tərəfindən cinayət işi başlanıla bilər”.
Hüquqşünas bildirib ki, səhiyyə sistemində belə xoşagəlməz hallar mövcuddur: “Məsələn, pulsuz deyildiyi halda, əksər xidmətlər ödənişlidir. Amma bu, qanuni əsaslara söykənmir. Kütlə arasında belə bir şey var ki, xəstaxanaya üz tutanlar istənilən qanunsuz tələbləri icra edirlər. Çünki ilk növbədə hamını maraqlandıran onun taleyidi”.
Səbuhi bəy bildirib ki, özəl tibb müəssisələrində isə pullu xidmətlər mövcuddur və qanunvericiliyə görə sözgedən tələblər qadağan deyil.
Mənbə:> Minval.İnfo