Səhiyyə Nazirliyi: Dövlət xəstəxanalarında heç bir dəyişiklik olmayacaq
Azərbaycanda dövlət xəstəxanalarının statusunun dəyişməsi nəticəsində dövlət müəssisələrinin fəaliyyətində heç bir dəyişiklik olmayacaq.
APA- xəbər verir ki, dövlət xəstəxanaları pullu olmayacaq və bu məsələ gündəmdə deyil.
Nazirlikdən qeyd olunub ki, Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. Bu isə o deməkdir ki, dövlət tibb müəssisələri əvvəllər Əsasnamə əsasında fəaliyyət göstərirdisə, bundan sonra Nizamnamə əsasında fəaliyyət göstərəcək.
Səhiyyə Nazirliyindən o da bildirilib ki, dəyişikliklərə əsasən, bələdiyyə xəstəxanaları əsasən pullu fəaliyyət göstərəcək. Bələdiyyələr yerli idarəetmə orqanı olduğuna görə Səhiyyə Nazirliyinin onların fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur.
Qeyd edək ki, Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişikliyə əsasən, Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. İndiyə qədər dövlət adından yaradılan tibb müəssisələri qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərib.
Mənbə:> APA