Ucarda istirahət mərkəzinin həyətindəki ağaclar kəsilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ucar rayonu, Gəraybəyli kənd sakini Surxay Rəhimov tərəfindən ona məxsus istirahət mərkəzinin həyətindəki ağacların icarəçi tərəfindən qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, şikayət qurumun əməkdaşları, şikayətçi “Göbələk” istirahət mərkəzinin sahibi və icarəçinin iştirakı ilə yerində araşdırılıb.
Sözügedən istirahət mərkəzinin ərazisinə keçirilən baxış zamanı yaşköküstə 5-40 sm diametrliyində 28 ədəd müxtəlif cinsli (şərq çinarı, qovaq, söyüd, sərv, qarağac, tut, armud, əncir, heyva, albalı) ağacların kəsildiyi məlum olub.
Araşdırma zamanı torpaq mülkiyyətçisi S.Rəhimov yazılı izahat verərək ağacların icarədar Ucar rayon sakini Ramil Abdullayev tərəfindən kəsildiyini bildirib. Faktla bağlı akt tərtib olunub və təbiətə 4810 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.
Mənbə:> Virtualaz.org