Gəncədə 3 tut ağacı kəsildi, iş Baş Prokurorluğa göndərildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi Gəncə şəhəri ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, keçirilən reyd zamanı Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsi 126 saylı binanın qarşısında yaşköküstə diametri 12-22 santimetr olan 3 tut ağacının kəsildiyi aşkar edilib.
Araşdırma zamanı ağacların Gəncə şəhər sakini Tofiq Qəhrəmanzadə tərəfindən kəsildiyi və təbiətə 1500 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
Mənbə:> Virtualaz.org