Rövşən Lənkəranskinin qardaşı rəis vəzifəsinə qaytarıldı
"Lotu Quli” ləqəbli qanuni oğru Nadir Səlifova sui-qəsd ittihamı ilə İstanbulda həbs edilən və sonra bəraət alaraq sərbəst buraxılan polkovnik Namiq Canıyev Keşlə Gömrük Postu rəisi vəzifəsinə bərpa olunub. AzEuroNews.com-a verilən məlumatda iddia olunur ki, N.Canıyev həbsindən sonra gömrük postunda rəis vəzifəsindən azad olunsa da, bu günlərdə işinə qaytarılıb.
Yerli KİV N.Canıyevin işdən azad olunduğunu yazsa da, Dövlət Gömrük Komitəsinin onun vəzifəsindən azad olunması barədə rəsmi açıqlaması olmamışdı. Onun İstanbulda saxlanarkən video görüntülərinin yayılması, həbsdə olması, bəraət alması haqda komitənin hər hansı münasibətinə, şərhinə rast gəlinməyib. Gələn xəbərlərə görə, polkovnik Canıyev bəraət aldığı üçün vəzifəsinin başına qayıda bilib. Onun Azərbaycandakı biznesində, tikinti işlərində də canlanma yaranıb.
Qeyd edək ki, N.Canıyev nüfuzlu kriminal avtoritet, İstanbulda qətlə yetirilən Rövşən Canıyevin (Lənkəranski) qardaşıdır. İstanbul prokurorluğunun rəsmi ittihamında qeyd olunurdu ki, N.Səlifova sui-qəsd planlaşdıran Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdürrəhman Çolak, Orxan Ergin, Hacı Ömər Ertekin, Emre Debreli, Kenan Savcı, Necat Bingöl, Berkay Denizçı, Mehmet Sabri Şirin və saxta pasportla gəzən "qanuni oğru” Hacı Beyləqanskinin də daxil olduğu dəstəyə N.Canıyev rəhbərlik edib. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmiş gömrük polkovniki məhkəmə qərarı ilə bəraət alaraq Azərbaycana dönüb.
Mənbə:> AzEuroNews.com