Artur Rasizadə Nazirlər Kabibnetini topladı - Tapşırıqlar verildi
Bu gün Baş nazir Artur Rasi-zadənin sədrliyi ilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair iclas keçirilib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən mia.az-a verilən məlumata görə, iclasda "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin inkişaf istiqamətləri haqqında” və "İcbari tibbi sığortanın tətbiqi üzrə pilot layihənin icrasının yekunları barədə təqdimatın keçirilməsi haqqında” məsələlərə dair müvafiq qurumların rəhbərlərinin hesabatları dinlənilib, geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdən sonra peyk kommunikasiya xidmətlərinin inkişaf istiqamətləri bəyənilib, icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər məqbul hesab edilib. Aidiyyatı qurumlara nəzərdə tutulan digər tədbirlərin həyata keçirilməsi tapşırılıb.
Nazirlər Kabinetinin iclasında həmçinin "İcra intizamı haqqında” və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün dəqiqləşdirilmiş iş planı haqqında” cari məsələlərə də baxılaraq müvafiq qərarlar qəbul edilib.
Mənbə:> Mia.az