Açıq Hökumətin Təşviqi üzrə fəaliyyət planı təsdiqləndi
Azərbaycan prezidenti İlham Əliyev “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabatlarını təqdim etmək, habelə Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etmək və bu barədə məlumatı Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada vermək tapşırılıb.
Nazirlər Kabinetinə tapşırılıb və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilib ki, Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan prezidentinə məlumat versinlər.
Hesablama Palatasına, Baş Prokurorluğa, İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikasının məhkəmələrinə, yerli özünüidarəetmə orqanlarına Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək həvalə olunub.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına isə tövsiyə edilib ki, Fəaliyyət Planının icrasının dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görsün və həmin planın həyata keçirilməsi sahəsində görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat versin.
Mənbə:> Oxu.Az