Bu gecədən Kiçik çillə başlayır
Xalq inancına görə, bu gecədən etibarən Böyük çillə sona çatır və Kiçik çillə başlayır.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun folklorşünası, fəlsəfə doktoru Elçin Qaliboğlu "Report"a açıqlamasında bildirib ki, xalq düşüncəsində konkret saat hesabı yoxdur: "Xalq düşüncəsində mifoloji zaman var. Bu zaman xalqın dərin müşahidələrinə əsaslanıb. Əvvəlcədən qəbul edilib ki, qış daxil olandan sonra 40 gün ərzində Böyük çillədir, ondan sonrakı dövr, təxminən 3 həftə kiçik çillə adlanır. Ondan sonra isə Boz ay ("Qara yaz") gəlir. Təbiətin çətinliklərini bölüblər ki, insanlar proseslərə daxilən, ruhən hazır olsunlar və bu mərhələləri rahat aşa bilsinlər. Türk düşüncəsində "heç zaman arxayınlaşmamaq", "çətinliyi axıradək, inamla yenmək" inadı, inancı var. Bu düşüncə insanı daxildən kökləyir".
Folklorşünas deyib ki, qədim türklər yazın gəlişini mənalandırıb və planlaşdırıb: "Bu elə-belə hadisə deyil. Türk mifoloji düşüncəsində ağrıdan-acıdan aşmaq, onu xalq ruhuna uyğun mətanətlə qarşılamaq və ona sinə gəlmək duyğusu var. Təbiətlə türk insanı arasında həmişə bağlılıq olub".
E.Qabiloğlu xatırladıb ki, "Çillə" sözü - ağrı, acı, çətinlik, məşəqqət, sıxıntı mənasını ifadə edir: "Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir. Kiçik çillə xalq arasında Böyük çillədən fərqli olaraq çətin dönəm kimi anlaşılır. Bununla bağlı inanclar, folklor mətnləri var. Bir neçə gündür ki, havadakı soyuqda bu çətinlik özünü göstərir.
Təəssüf ki, bu gün gənc nəsildə ənənədən kökdən gələn inanclara inam, təbiət-insan birliyini duymaq səriştəsi tədricən azalmaqdadır. İnsanlar təbiətlə bir olmaq iddiasını unutmamalıdırlar. Yaşlı nəsillər ənənələrimizi gənclərə ötürməlidir, ona görə ki, bizim xalqın kökdən, mifoloji düşüncədən gələn inancları bizi daxilən, ruhən həmişə kökləyib, bu da bizim təbiətlə birliyimizə əsaslanır. Təbiətlə insan bir olmayanda yadlaşma başlayır".
Mənbə:> Virtualaz.org