Azərbaycan toyunda amerikalı rok qrup – FOTO
ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycanda Amerika günləri tədbirlərində iştirak etmək üçün ölkəmizə gələn rok qrupu ANS-in qonağı olub. ANS PRESS-in məlumatına görə, "Günə Baxan"ın qonağı olan tanınmış “Break of Reality” qrupu Tofiq Quliyevin “Sənə də qalmaz” musiqisini ifa edib.
Onların ifaları ayaqüstə alqışlanıb. "Break of Reality" la birlikdə aşpaz Den Harşbarger ölkəmizin qonağıdır.
Amerika günlərində iştirak edən qrup Bakıdan əlavə rayonlarda da konsert proqramları ilə çıxış edəcək. Belə ki, qrup martın 12-də İsmayıllı, 13-də Qəbələ, 14-də Mingəçevir, 15-də Zaqatala, 16-da isə Şəkidə konsert verəcək.
Amerikadan dəvət olunmuş aşpaz Den Harşbarger və “Break of Reality” qrupu Şəkidə bir toy məclisində iştirak edəcək. Den Harşbarger toyda müxtəlif təamlar hazırlayacaq, rok qrup isə toy iştirakçıları üçün musiqilər ifa edəcəklər.
Qrup üvləri - Meta, Ayvon, Tavinio, Endryu Azərbaycanda qarşılanmalarından, insanların onların ifasına marağından razıdırlar. “Biz Azərbaycana gələndə yaxşı mənada çox təəccübləndik. Bakı çox müasir şəhərdir. Buranın insanları çox qonaqpərvərdirlər, hündür binaları ilə şəhər qərb şəhərlərindən heç də geri qalmır. Bizim burada olmağımızın bir səbəbi də Azərbaycan musiqisininin incəliklərini kəşf etməkdir". Musiqiçilər Mstislav Rostropoviçin musiqilərini çox bəyəndiklərini və Bakıda olarkən onun ev muzeyini mütləq ziyarət edəcəklərini deyiblər.
Qeyd edək ki, “Break of Reality” qrupu klassik musiqi təhsili almış musiqiçilərdən təşkil edilsə də, onların musiqiyə yanaşması tam fərqlidir. Belə ki, qrup sırf klassik musiqilər ifa etmir. Onların ifa etdiyi musiqilər öz qeyri-adiliyi ilə seçilir. Onlar müasir musiqinin elementlərini qatmaqla öz ifalarını zənginləşdirirlər.
Mənbə:> ANSPRESS