Qarabağ əlilinin yardıma ehtiyacı var
Uğur İbrahimovun bacısı ona böyrəyini verməyə hazırdır.
Qarabağ qazisi böyrək çatışmazlığından əziyyət çəkir.
APA TV xəbər verir ki, Astara rayonunun Siyatük kənd sakini Uğur İbrahimov 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərin birində əsgər yoldaşlarını əsir düşməkdən xilas edərkən özü də düşmən gülləsinə tuş gəlib.
Müəyyən müddət hərbi hospitalda müalicə alan soydaşımız yenidən cəbhə bölgəsinə qayıdıb.
Ağdərə, Zəngilan, Qubadlı, Füzuli və digər ərazilərdə döyüş yolu keçən soydaşımız sonradan daha 3 dəfə ağır yaralanaraq, sağlamlığını itirib. 2-ci qrup əlili olan Uğur İbrahimov növbəti dəfə cərrahiyyə əməliyyatı olunmalıdır. Lakin maddi imkansızlıq ucbatından o, bunu reallaşdıra bilmir.
Uğur İbrahimov deyir ki, bacısı ona böyrəyini verməyə hazırdır. Ancaq bunun üçün 18 min manat vəsait lazımdır.
Qeyd edək ki, Qarabağ əlilinin hazırda yaşadığı ev ölkə başçısının xüsusi tapşırığı ilə 2004-cü ildə tikilərək ona hədiyyə olunub.
Mənbə:> APA TV