Bəzi qaz sayğacları hələ də sıfırlanmayıb, niyə?
Yanvar ayının 8-i olmasına baxmayaraq, bəzi abonentlər hələ də mavi yanacaq üçün təyin olunan 1700 kubmetrlik limitin sıfırlanmadığını deyirlər. İddialara görə, bəzi sayğaclarda hələ də yeni limit açılmayıb. Yəni 2017-ci ildə limiti keçən sayğaclarda hər kubmetr qaz sərfiyyatı üçün kartın balansından 20 qəpik silinir. Halbuki hər bir abonentə yanvar ayının birindən yeni limit açılmalı idi.
Xezerxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı ''Azəriqaz'' İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalıyev deyib ki, bunun əsas səbəbi 2017-ci ildə karta yüklənən məbləğin hələ də bitməməsidir.
O ki qaldı mexaniki qaz sayğaclarında yeni limitin hansı qaydada açılması məsələsinə, İbrahim Kərbalıyev bildirib ki, artıq ölkə üzrə bütün mexaniki sayğacların yeni limitə keçməsi tam təmin olunub.
Qeyd edək ki, 2017-ci ildə mexaniki qaz sayğacı ilə təmin olunan abonentlərin cəmi 20%-i ayrılmış illik limiti keçib.
Mənbə:> Virtualaz.org