Ailənin tək oğlunun Türkiyədən cənazəsi gəldi - 22 yaşlı oğlanın müəmmalı ölümü – FOTO
Ata çörək pulu arxasınca Rusiyaya, gənc oğul isə Türkiyəyə üz tutmuşdu. Bir müddətdən sonra ata oğlunu vətənə gətirdi, amma cansız bədənini.
AzNews.info pressclub.az-a istinadən xəbər verir ki, Qazax rayon, Qazaxbəyli kənd sakini Hüseynin qəfil ölümü hər kəsi təəccübləndirib. İşləmək üçün Türkiyəyə gedən 22 yaşlı gəncin vəfatı hər kəsi sarsıdıb. Onunla gedən yoldaşları deyirlər ki, Hüseynin indiyə kimi səhhəti ilə bağlı ciddi şikayəti olmayıb.
Faciə ötən ilin dekabrında Türkiyənin Balıkesir vilayətinin Yeniköy qəsəbəsində baş verib.
Qazaxbəyli kəndinin üç gənci qazanc arxasınca həmin ünvana üz tuturlar. Orada hind toyuğu saxlayan fermerin yanında muzdurluq edirlər.
İşdən sonra yoldaşları əylənmək üçün evdən çıxsalar da, Hüseyn evdə istirahətə üstünlük verir. Qayıdanda isə evdə onu ölmüş vəziyyətində tapırlar.
1995-ci təvəllüdlü Məmmədov Hüseyn Məhəmmədəli oğlunun yoldaşı Coşğun bildirir ki, Hüseyn divanda uzanıqlı vəziyyətdə qalmışdı və qulağından qan gəlirdi. "İndiyə qədər səhhətindən şikayətçi olmamışdı, sadəcə arada deyirdi ki, böyrəkləri ağrıyır".
Oğlunun qara xəbərini alan ata cənazəni gətimək üçün Rusiyadan Türkiyəyə gedir.
Həkimlər ölüm səbəbi kimi beyinə qansızma göstəriblər. Lakin bu səbəb doğmalarını razı salmayıb. Onlar sağlamlığından şikayətçi olmayan gəncin qəfil ölümündə şübhəli məqamaların oduğu qənaətindədirlər.
Hüseyn iki bacının bir qardaşı idi.
Mənbə:> Pressclub.az