Şadlıq evlərində siqaret çəkənlər zaldan çıxarılacaq – VİDEO
Artıq bir neçə gündür ki, qapalı və ictimai yerlərdə siqaretdən istifadəyə qadağa qoyulub. Qadağanın qüvvədə olduğu yerlərdən biri də şadlıq saraylarıdır.
Bəs, eyni anda yüzlərlə insanın bir arada olduğu şadlıq saraylarında siqaret qadağası necə tətbiq olunacaq? Başqa sözlə, şadlıq sarayları buna hazırdırmı?
“Xəzər Xəbər” bildirir ki, bəzi şadlıq saraylarında siqaret çəkən şəxslər zaldan uzaqlaşdırılacaq. Həmin şadlıq saraylarını idarə edən şəxslər belə bir addım atıblar.
"Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanunun qüvvəyə minməsi ilə paytaxtın əksər şadlıq sarayları fəaliyyətlərində müəyyən dəyişikliklər ediblər. Görünən yerlərə siqaret çəkilməsini qadağan edən nişanlar vurulub.
Şadlıq saraylarından bildirilib ki, qadağanedici nişanların vurulması ilə yanaşı, içəridə siqaretin çəkilməməsi ilə bağlı toy sahiblərinə xəbərdarlıq da edilir. Qonaqların zallarda siqaretdən istifadə etmələrinə isə inzibatçılar nəzarət edir. İnzibatçılar bildirirlər ki, xəbərdarlığa məhəl qoymayan şəxslər zaldan çıxarılacaq.
Bununla belə, restoran sahibləri qonaqlara qanunun tələblərini izah etməyə çalışırlar.
Qeyd edək ki, sözügedən qaydaya əməl etməyənlər 30 manat miqdarında cərimə edilirlər.
Mənbə:> Xəzər Xəbər