Köhnə mənzilini ver, yenisini al - hansısa təhlükə var? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Köhnə mənzilini ver, yenisini al - hansısa təhlükə var?

Köhnə mənzilini ver, yenisini al - hansısa təhlükə var?


Ekspertlər bildirirlər ki, vətəndaşlar riskləri dəyərləndirmək üçün mütəxəssislərlə məsləhətləşməlidirlər

"Bakıda köhnə tikililərin, xüsusən də "Xruşovka" adlandırılan binaların sökülərək yerində yenilərinin inşası prosesi başlayıb. İnşaata məsul olacaq şirkətlər mənzil sahiblərinin 2 illik kirayə haqlarını ödəyərək, həmin müddətdən sonra inşa ediləcək binada onlara yeni mənzillər təklif edən müqavilə əsasında söküntü işləri həyata keçirirlər. İlk baxışdan inşaat şirkətlərin təklifi normal təsir bağışlayır: bina inşa edilənədək kirayə haqqı ödənilir və daha sonra köhnə binadakı mənzil sahibi yeni və sahəsi müqayisəli şəkildə böyük olan mənzilə sahib olur. Amma proses heç də belə sadə olmaya bilər". Bunu iqtisadçı alim Vüqar Bayramov sosial şəbəkədə yazıb.

İqtisadçı qeyd edib ki, risklər sığortalanmadığından, gələcəkdə inşaat şirkəti öhdəliyini yerinə yetirə bilməsə, o zaman vətəndaşın yeni mənzili necə əldə edəcəyi mexanizmləri bəlli deyil: "Məsələn, təsəvvür edək ki, şirkət sakinlərə kirayə üçün ödəniş etdi, köhnə binanı sökdü və yeni binanı inşa edən zaman müflis oldu, tikintini başa çatdıra bilmədi. Bu halda, sakinləri yeni mənzillərlə hansı şirkət təmin edəcək? Sakinlərlə inşaat şirkətləri arasında bağlanan müqavilələrdə bu hallar nəzərə alınmır. İnşaat şirkətlərinin aktivləri az olduğundan, bu zaman tikintinin başa çatdırılması üçün tələb edilən xərcin aktivlərini sataraq, ödəmək də mümkün deyil. Buna görə də, gələcəkdə belə hallar baş verən zaman sakinlərin mənzilsiz qalmamağı üçün yeni mexanizmlərin hazırlanıb tətbiq edilməsinə ehtiyac var".

"Vətəndaşların mənzili yalnız sənədləşmə formasında onlardan alınır"

Əslində, sökülən köhnə mənzilin əvəzində yeni və daha genişinin verilməsi, üstəlik ev hazır olana qədər kirayə xərclərinin qarşılanması ilk baxışdan cəlbedici görünə bilər. Bir çox vətəndaşlar da bununla razılaşırlar, amma "şər deməsən, xeyir gəlməz" misalını yada salsaq, bu işin alınmama, tikintini həyata keçirən şirkətin müflis olma ehtimalı da var. Bəs bu halda vətəndaşlara necə təminat verilir? Vətəndaşlar aldanmamaq üçün nələri bilməlidirlər?

Milli.Az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı "Kaspi"yə açıqlamasında bildirdi ki, bu cür proseslər şirkətlə vətəndaş arasında qarşılıqlı razılaşma müqaviləsi əsasında aparılır, bu isə gələcəkdə risklərin sığortalanmasında heç bir rol oynamır: "Vətəndaşların mənzili yalnız sənədləşmə formasında onlardan alınır, bunun üçün pul verilmir. Qarşılıqlı razılaşma ilə vətəndaşlara öz evlərinin həcmində və hətta ondan müəyyən qədər artıq kvadrat həcmində mənzil veriləcəyi bildirilir. İnsanlar da çox vaxt şirniklənib bu təklifləri qəbul edirlər. Burda risklərin sığortalanması prosesi ümumiyyətlə, yoxdur, eyni zamanda, şirkətlə vətəndaş arasında bağlanan müqavilələrə dövlət təminatının verilməsi həyata keçirilmir. Düzdür, bəzi pilot layihələrdə dövlət təminatı var, amma əksər layihələrdə vətəndaşın mülkiyyəti əlindən alınır, sökülür, amma ona veriləcək tikinti sahəsi heç bir formada sığortalanmır, dövlət təminatı verilmir. Tikinti başa çatmadığı halda, prosedurların hansı formada həll olunması qaydaları öz əksini tapmır, yalnız qarşılıqlı daxili müqavilələrdə ümumi müddəalarla qeyd olunur. Hansı ki, o müddəalar gələcəkdə risklərin sığortalanmasında heç bir rol oynamır".

"...böyük şirkətlər olub ki, bir gecənin içində iflasa uğrayıb"

R.Osmalı deyir ki, tikinti şirkəti iflasa uğrayarsa və onun heç bir aktivi mövcud deyilsə, vətəndaşa dəymiş ziyanın ödənilməsi üçün məhkəmə qətnaməsi çıxsa belə, o ziyanın ödənilməsi faktiki olaraq mümkün olmayacaq: "Çünki tikinti şirkətinin balansında heç bir aktivi yoxdur, tikdiyi bina istisna olmaqla. Tikinti şirkəti iflasa uğradığı üçün o bina da yarımçıq qalıb. Ona görə, burada dövlət təminatının olması vacibdir. Eyni zamanda, qarşılıqlı müqavilələrdə mülkiyyət münasibətlərinin sığortalanması mütləq vacibdir".

Cəmiyyət sədrinin sözlərinə görə, tikintinin yarımçıq qalması, insanların evlərindən olması ilə bağlı ölkədə kifayət qədər faktlar var: "Hətta bəzi böyük şirkətlər olub ki, bir gecənin içində iflasa uğrayıb. Hansı ki, bazar iştirakçıları həmin şirkətin iflasa uğramasını mümkün hesab etmirdilər. Amma görünən odur ki, istisnalar olub, olacaq. Heç bir şirkət, sahibkar risklərdən sığortalanmayıb. Harada pul, dövriyyə varsa, orda risk, itki var. Məsələn, Mərkəzi Bankın bir gecənin içində qəbul etdiyi devalvasiya ilə bağlı qərarla 10 minlərlə əmanətçi, yaxud kredit ödəyən şəxs böyük problemlərlə qarşılaşdılar. Eyni hadisələr fond bazarında da baş verir. Bu vaxta qədər baş verənlər onsuz da olub. Heç olmasa, bundan sonra mülkiyyətçilərin əllərində olan əmlaklarını riskə atmamasına çalışmalıyıq".

"Xərclərin çox artması həmin şirkətin iflasına gətirib çıxara bilər"

R.Osmanlı qeyd etdi ki, maliyyə bazarında və yaxud tikintiyə aid hansısa bir sahədə müəyyən qiymət dəyişikliyinin baş verməsi tikinti şirkətlərin fəaliyyətinə təsir edir: "Tikinti şirkəti, hər hansı sahibkar müəyyən bir layihəni həyata keçirərkən özü üçün biznes plan hazırlayır, gəlir və xərclərini proqnozlaşdırır. Hesab edir ki, gəlirləri xərclərini ödəyəcək və burdan müəyyən qədər mənfəət qazanacaq. Bundan sonra layihəyə girir. Maliyyə bazarında, hər hansı bir sahədə bir az qiymət dəyişməsi baş verən kimi xərclər artır, amma gəlirlər göstərilən kimi stabil qalır. Xərclərin çox artması həmin şirkətin iflasına gətirib çıxara bilər".

"O evlərin hansı müddətə tikiləcəyi sual altına düşür"

Əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyir ki, tikinti şirkətləri söz verdikləri zaman mənzili təhvil verməyə bilərlər. Çünki binanın tikilməsi ilə yanaşı, burada vaxt alan digər işlər də həyata keçirilir: "Son bir neçə ilə qədər Bakı şəhərində söküntü işləri iki formada həyata keçirilirdi. Biri dövlət tərəfindən plana alınma idi. Burada dövlət özü bilavasitə maraqlı idi ki, hər hansı park salınsın, dövlət idarəsi tikilsin və s. Belə olan təqdirdə risklər minimuma enirdi. Məsələ hansısa özəl müəssisənin, fərdi sahibkarın xidmət sektorundan gedirsə, son bir-iki ildəki tendensiyaya baxsaq, görərik ki, sahibkarlar yerli sakinlərlə qarşılıqlı razılaşmaya gəlirlər. Yerli sakinin kirayədə qalma xərcini ödəyirlər, bundan başqa onlara təklif edirlər ki, yeni tikiləcək binada sakinin evi 50 kvadratmetrə qədərdisə 15, 50-100 arasıdırsa, 30 kvadrat artıq verilir. Ölkədə hazırda tikinti bumu yaşanmır, tikinti prosesi zəifləyib. Bütün bunların fonunda o evlərin hansı müddətə tikiləcəyi sual altına düşür. Tikiləndən sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılıb onlara yaşayış icazəsinin verilməsi və s. kimi məsələlər də var ki, onlar ən azı bir neçə il çəkəcək. Bu proses uzandıqca, sahibkarın xərci artır. Çünki hər ay vətəndaşların kirayə xərcini qarşılamalıdır. Bu da bir müddətdən sonra sahibkar və sakin arasında narazılıq yaradır. Təkrar razılıq olmalı, məsələlərə baxış həyata keçirilməlidir. Pulların ödənilməsində müəyyən yubanmalar baş verir, sözsüz ki, risklər də artır".

"Bu məsələlərdə risklər əvvəldən nəzərə alınmalıdır"

V.Hüseynov bildirdi ki, tikinti şirkəti söz verdiyi vaxtda mənzili təhvil vermədikdə, vətəndaşlar artıq onlara söz verilən mənzilin dəyərində pul tələb etməyə başlayırlar: "İnsanlar müəyyən müddət gözlədikdən sonra deyirlər ki, artıq həmin binada istəmirəm, mənim evimi dəyərləndir, ödəniş et, hazır mənzil alım. Əvvəldən razılaşma sırf həmin ev üçün olduğuna görə, artıq sahibkar hər hansı fiks məbləği vətəndaşa ödəməkdən boyun qaçırır. Evlər də sökülüb, ortada mənzil yoxdur, razılaşmada şirkətin öhdəliyi tikiləcək binada mənzil verməklə bağlıdır, belə olan təqdirdə xaotik vəziyyət yaranır".

Ekspert onu da bildirdi ki, bu cür məsələlərdə vətəndaşlar mütəxəssislərdən məsləhət almadan qərar verməsinlər: "Bu məsələlərdə risklər əvvəldən nəzərə alınmalıdır. Daşınmaz əmlak üzrə ekspertlərə müraciət etsinlər, məsləhət alsınlar, risklər dəyərləndirilsin. İnsanlar özləri başa düşməlidirlər ki, onları qarşıda nə gözləyir, evsiz qalmaq təhlükəsi ola bilər. Qaradağ rayonunun Sahil, Lökbatan qəsəbələrində, Suraxanı, Sabunçu rayonlarında belə hallar olub. Hətta bir binada bir mənzilin bir neçə nəfər satılması da olub. Ona görə diqqətli olmaq lazımdır".

Mənbə: Milli.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *