Bakıda daha bir “pilot layihə” qalmaqalı: yaşayış olan binanı sökürlər
Bakının daha bir rayonunda “yaşayış üçün yararsız” köhnə binaların sökülərək yerində yeni çoxmərtəbəli bina inşa edilməsinə yönəlmiş “pilot layihə” ətrafında qalmaqal baş verir. Bu dəfə Nəsimi rayonu ərazisində, Azadlıq prospekti, 80 ünvanında yerləşən beşmərtəbəli binaları içərisində yaşayış ola-ola, sakinlərin hamısı köçürülmədən sökməyə başlayıblar. Söküntünü isə Nəsimi rayon İcra Hakimiyyətinin sifarişi ilə “Fədək” MMC adlı adı indiyədək heç yerdə eşidilməyən şirkət aparır.
Söküntüsü başlayan binada cəmi 102 mənzil var, lakin sakinlərdən 10-u şirkətin təklif etdiyi şərtlərlə köçməkdən imtina edir. Buna baxmayaraq şirkət binanın söküntüsünə başlayıb və köçməkdən imtina edənlərin həyatı faktiki olaraq riksə atılıb.
Digər “pilot layihə”lərdə olduğu kimi bu layihədə də şirkət sakinlərlə müqavilə bağlayıb onlara evlərindən kirayə mənzillərə köçməyi təklif edir. Kirayə haqqı kimi sakinlərin yaşadıqları evlərin sahəsindən asılı olaraq 250-450 manat ödənilməsi nəzərdə tutulur. Şirkətin sakinlərlə bağladığı müqaviləyə əsasən onlara yeni binada əvvəlki mənzillərindən 20 faiz geniş yaşayış sahəsi verilməlidir.
Lakin sakinlərin bir qrupu bu şərtlər altında köçmək istəmir. Onlar deyirlər ki, cəmi 10 manat nizamnamə kapitalı olan hansısa MMC-nin möhürünə etibar edib mənzillərinin dağıdılmasına razı ola bilməzlər. Çünki bu şirkətin müqavilə öhdəliklərinə əməl edəcəyinə onlarda əminlik yoxdur. Üstəlik məlum olub ki, söküntünü aparan və sakinlərə yeni mənzillər tikib verməyi vəd edən “Fədək” MMC-nin təsisçisi Yavər Qurbanov bundan əvvəl mənzil dələduzluğuna görə həbs olunub.
Belə ki, 2009-cu ldə Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən Bakı şəhər sakini, “Eyfel” MMC-nin direktoru Yavər Qurbanov saxta sənəd tərtib etməklə yeni inşa edilən çoxmərtəbəli binadan Rasif Sultanov adlı şəxsə mənzil satıb. Bu dələduzluq faktı ilə bağlı Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi təqdim edilib. Ərizə əsasında cinayət işi qaldırılıb və Qurbanov həbs edilib.
Yavər Qurbanovun direktoru olduğu həmin “Eyfel” MMC Bakı metrosunun Nizami stansiyasının yaxınlığında çoxmərtəbəli yaşayış binasının inşasını həyata keçirib. Mətbuatda yer alan xəbərlərə görə o, həmçinin Eldar Mahmudovun xüsusi agenti, hazırda beynəlxalq axtarışda olan “Akula Akif”lə birlikdə 2010-cu ildə “ZAZ” MTK adlı digər tikinti şirkəti də təsis etmişdi.
Göründüyü kimi hazırda Azadlıq prospekti, 80 ünvanındakı binanı yaşayış ola-ola sökən şirkətin təsisçisinin imici sakinlərin ona etibar etməməkdə heç də haqsız olmadığını göstərir.
Üstəlik sakinlər deyirlər ki, onlar Nazirlər Kabinetinin hüquq şöbəsində olublar (Bakıda yaşayış üçün yararsız olan binaların sökülüb yerində yenilərinin tikilməsi prezidentin müəyyən etdiyi proqram əsasında Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir-red.). Orada tikintinin vaxtilə dələduzluğa görə saxlanılmış şəxsə həvalə edilməsindən təəcübləniblər və rayon İcra Hakimiyyətinə zəng vurub bu haqda soruşublar. Buna baxmayaraq söküntü dayandırılmayıb.
Köhnə, yaşayış üçün yararsız binaların sökülərək yerində yenilərinin tikilməsi, sakinlərin daha rahat mənzillərə köçürülməsi əlbətdə əhəmiyyətli layihədir. Bu layihə həm sakinlərin rahatlığına, həm tikinti sektorunun canlandırılmasına xidmət edir. Lakin yaxşı olmazdımı ki, müvafiq strukturlar bu layihənin həyata keçirilməsini nüfuzlu, iri şirkətlərə həvalə etsinlər və sakinlərin köçürülməsi zamanı qarşıdurmalar, narazılıqlar, qalmaqallar yaşanmasın?
Mənbə:> virtualaz.org