Növbə, rüşvət, ələbaxma... Deputat Səhiyyə Nazirliyini yıxdı-sürüdü
“Ölkədə tibb bacısı 120 manat, professional həkim isə 150 manat maaş alır. Biz bununla hara gedirik?” Bunu parlamentin 5 komitəsinin birgə iclasında büdcə müzakirə olunarkən millət vəkili Elmira Axundova deyib. O, bildirib ki, xaricdə təhsil alan gənclər ölkəyə qayıtmaq istəmirlər: “Onlar deyirlər ki, 200-300 manatla necə işləyək, ailəmizi necə dolandıraq. Həkimlərimiz isə ələbaxımlılığa öyrəniblər.
Hamınız bilirsiniz ki, bu, hansı mənfi halların yaranmasına səbəb olur. Yaxşı həkimlərimiz var və onlar bu maaşa layiq deyillər”. E. Axundova deyib ki, diabet və onkoloji xəstələrin sayında artım var, lakin vəsait eynidir: “Ayrılan preparatlar bütün xəstələrə çatmır. Növbə, qırğın, qiyamət… Yaşlı insanlar bəzən şəhər mərkəzinə 5-6 dəfə gəlmək məcburiyyətində qalırlar. Onkoloji xəstələr üçün guya dövlət proqramı var, lakin onlar da normal şəkildə təmin olunmurlar. Anadangəlmə əlillər 50-60 manat təqaüd alırlar.
Bilirsiniz ki, həmin əlillərin çoxu özlərini idarə edə bilmirlər. Ailə üzvləri onlara baxır və bu, onları da işləməkdən məhrum edir. Bu məsələ birdəfəlik həll edilməlidir. Ya təqaüdlər normal şəkildə artırılmalıdır, 200-300 manat olsun, yaxud, onlara qulluq edən insanlara maaş ayrılmalıdır”.Palitika.Az xəbər verir ki, E.Axundova xalqın ürəyindən keçən sözləri bəyan edib. Azərbaycan səhiyyəsinin nə kökə düşdüyünü görmək üçün deputatın tənqidlərini eşitməyə ehtiyac yoxdur. Mətbuat yazır, vətəndaşlar imdad diləyir, etirazlar və şikayətlər çoxalır. Həkimlər isə rüşvət alır, ələ baxır, az maaşla dolana bilmirlər.
Səhiyyə Nazirliyi qədər heç bir dövlət orqanından belə narazılıq yoxdur: ana və uşaq ölümləri, səhv diaqnozlar, sağlam adama vərəm, xərçəng xəstəliyi qoyulması, həkim səhlənkarlığı, orqan mafiyası, soyğunçuluq, rüşvətxorluq, dərman biznesi, bərbad şəraitli xəstəxanalarda bisavad həkimlərin özbaşınalıqları, klinikalarda pasientlərin başınaq oyun açılması, onkoloji xəstələrin yaxınlarının soğan qabığı kimi soyulması, əməliyyat masasında ani səhvdən insan ölümü, doğum şöbələrində açıq bazarlıq, regionlardakı xəstəxanalarda rəzalət və s. hallar əhalini partlayış nöqtəsinə gətirib çıxarıb.
İnsanlar həkimlərə etibar eləmir, İran, Türkiyə, Gürcüstan, daha böyük imkanı olanlar Avropaya müalicə, əməliyyat üçün üz tuturlar. Elə Azərbaycan hakimiyyətində təmsil olunanlar da, Oqtay Şirəliyev də, müavini Elsevər Ağayev də, başqaları da ölkə səhiyyəsinə güvənmirlər. Nə tibbi sığorta var, nə can təminatı, nə qiymətlərə nəzarət, nə dövlət xəstəxanalarında pulsuz xidmət, nə özəl klinikalarda tariflərin tənzimlənməsi...
Şəkərli diabetlər, onkoloji xəstələr, vərəmli, cüzamlı insanlar, minlərlə vətəndaşın büdcədən ayrılan pulları, dərmanları mənimsənilir, satılır, biznesə çevrilir.ABŞ-ın Azərbaycana səfər edən vətəndaşlarını ölkəmizdəki apteklərdən dərman almamağa çağırış etməsi də, E.Axundovanın tənqidləri də tam yerindədir desək yerinə düşər...
Mənbə:> Palitika.az