Azərbaycanda “Uber” problemi – Şirkət açıqlama yaydı
Son vaxtlar Azərbaycanda “Uber” istifadəçiləri xidmətdən istifadə zamanı problemlə qarşılaşır.
AzNews.info-nun xeberler-ə istinadən verdiyi məlumata görə, istifadəçilər bildirib ki, “Uber” sürücüləri sifarişi qəbul edəndən sonra zəng edib, ödənişin nağd və ya kartla olması ilə maraqlanıb, kart ödənişi ilə olan sifarişləri qəbul edə bilməyəcəklərini deyərək sifarişi ləğv etməyi xahiş edir.
Buna səbəb olaraq kartla ödənişi şirkətdən ala bilmədiklərini göstərirlər.
İstifadəçilər isə “Uber”in sürücülərə qarşı haqsızlıq etdiyini iddia edərək, etirazlarını bildirir.
Uber-in Moskva ofisi qeyd edilən problemlə bağlı rəsmi sorğumuzu cavablandırıb.
Ofisdən qeyd edilib ki, bütün pul köçürmələrini həyata keçiriblər: “Uber” tərəfdaşlarla iş zamanı beynəlxalq standartlara ciddi şəkildə riayət edən iri beynəlxalq texnoloji şirkətdir. Bizə daxil olan bütün müraciətləri diqqətlə izləyib, cavab veririk. “Uber”lə əməkdaşlıq edən sürücülərin göstərdikləri xidmətə görə pul köçürmələrində yaranan problemlə bağlı müraciət bizə daxil olan kimi, biz bundan öncə köçürmələri həyata keçirən partnyor banka rəsmi sorğu göndərdik. Məsələnin operativ həlli üçün biz digər bankın xidmətlərindən yararlandıq və bütün pul köçürmələrini həyata keçirdik”.
Məlumatda bildirilib ki, hazırda partnyor sürücülərin hesablarına pul vəsaitləri köçürülür:
“Lakin köçürülmə müddəti bir qədər artaraq 2-3 həftə təşkil edir. Buna baxmayaraq, biz bu müddətin 1 həftəyədək azalması istiqamətində aktiv şəkildə işləyirik”.
Mənbə:> Xeberler.az