Yol polisi Nigar Camalı axtarır – DYP-dən müğənniyə cavab
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi müğənni Nigar Camalın yol polisi ilə bağlı fikirlərinə münasibət bildirib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, iyunun 18-də tanınmış müğənni Nigar Camalın şəxsi Facebook hesabında yol polisi ilə bağlı paylaşdığı ifadələrlə əlaqədar araşdırılma aparılması üçün iki gün ərzində onunla əlaqə saxlamaq cəhdləri baş tutmayıb: "Müğənni iddia etdiyi vəziyyətlə bağlı araşdırılma aparılması və həqiqətin üzə çıxması üçün ilk növbədə Bakı Şəhər DYP-yə müraciət etməli olduğu halda, status paylaşmasını dərin təəssüf hissi ilə qarşılayırıq. Eyni zamanda, qeyd etmək istəyirik ki, statusda təsvir olunan hadisənin harada, nə zaman baş verdiyi, ona qarşı hansı əməkdaş tərəfindən kobudluq edildiyi barədə dəqiq informasiya olmadığına görə, bizə ətraflı məlumat verməsi lazımdır.
İstənilən vətəndaş, o cümlədən Nigar Camal üzləşdiyi hər hansı qanun pozuntusu ilə bağlı bizi məlumatlandıra bilər və böyük məmmuniyyətlə onları dinləməyə, zəruri tədbirlər görməyə hazırıq. O ki, qaldı müğənninin yol polisi haqqında kobud ifadə işlətməsinə, hesab edirik, bu, düzgün və inandırıcı deyil".
Qeyd edək ki, müğənni Nigar Camal Dövlət Yol Polisinin əməkdaşlarından şikayət edib. 2011-ci ildə “Avraviziya” Mahnı Müsabiqəsinin qalibi bu barədə şəxsi “facebook” hesabında status yazıb. 37 yaşlı müğənni DYP əməkdaşlarından narazılığını belə ifadə edib: “DYP – axır zamanlar çox qudurublar!. Daha susmaq istəmirəm. İdeal olmasa da, mən həmişə qaydalara əməl etməyə çalışıram. Qaydanı da pozanda deyirəm ki, cəriməmi yazın. Sənədlərim də həmişə qaydasında olur. Amma bütün bunlara bizim DYP əhəmiyyət vermir. Onlar yollarda təhlükəsizliyi təmin etmək əvəzinə, özləri qaydaları pozurlar. Düz getdiyin yolda səni səbəbsiz yerə saxlayırlar. Xüsusilə axşam saatlarında ümumiyyətlə, maşın sürmək mümkün deyil. Yolda “inomarka” görən kimi arxasınca sürüb, saxlatdırırlar. İlk olaraq, kobud tonda kəmərə ilişir. Sonra da alkoqola. Əmin edirsən ki, alkoqol qəbul etməmisən, sənədlərin də qaydasındadır. Belə olanda da deyirlər ki, sizin bir cəriməniz var, maşınınızı cərimə meydançasına götürməliyik. “Cərimənizi ödəyin” demək əvəzinə, maşını aparmaq, sürücülük vəsiqəsini almaq istəyirlər. Mənim sürücülük vəsiqəm Böyük Britaniyaya aiddir, alsan nə olacaq ki? Sadəcə, 20 dəqiqə yolda vaxt itirirsən.
Səhər yenə saxlayırlar. Düşündük ki, yenə kəmərə ilişəcəklər. Amma bu dəfə qəsdən deyir ki, telefonla danışırdız. Soruşuram ki, siz telefonu harda gördüz? Deyir ki, əlinizdə tutmusuz. Telefonun arxa oturacaqda çantamda olduğunu göstərirəm. Çarəsiz qalanda da deyir ki bəs siz polisin “saxla” əmrinə vaxtında əməl etməmisiz. Kəmər, telefon, indi də sizin “müqəddəs taxta”nız? İzah edirəm ki, yolda maşın onsuz da çoxdu, mən diqqətimi sizin sifətinizə yox, yola yönəltməyə çalışıram. 100 manat cərimə yazmaq istəyəndə də deyirəm ki, bayaqdan sizi kamera çəkirdi. Bunu eşidən kimi dərhal danışıq tonu dəyişdi, üzündə gülüş, zarafat. Məni də xoşluqla buraxdılar”.
Mənbə:> Avtosfer.az