Səhiyyə Nazirliyi Sumqayıtda uşaqların kütləvi zəhərlənməsinin səbəbini açıqladı – YENİLƏNİB
“Bir ərazidən qısa müddət ərzində çoxlu sayda uşağın eyni əlamətlərlə xəstəxanaya müraciət etməsi və onların “ratovirus”la xəstələnməsi bu infeksiyanın su vasitəsilə yoluxması haqqında fikir söyləməyə imkan verir”.
Oxu.Az xəbər verir ki, bunu APA-ya Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev deyib.
İ. Abdullayev bildirib ki, “Azərsu” ASC-nin işçiləri mərkəzin əməkdaşları ilə birgə Sumqayıtın uşaqlar arasında kütləvi yoluxma halı baş verən ərazilərində su paylayıcı şəbəkənin bütün xətlər üzrə hərəkət istiqamətlərindən su nümunələri götürəcəklər. Bu prosesin bir neçə gün davam etdiriləcəyini deyən İ.Abdullayev qeyd edib ki, əhali arasında sanitariya-müalicə tədbirləri həyata keçirilir, çiy sudan istifadə etməmək, meyvə-tərəvəzlərin çiy su ilə yuyulmaması, şəxsi gigiyena qaydalarına əməl olunması barədə sanitar-epidemik maarifləndirmə tədbirləri aparılır.
Onun sözlərinə görə, hazırda suda heç bir problem yoxdur və dövlət standartlarının tələblərinə cavab verir: “İyunun 9-dan sonra aparılan müayinələrdə suyun tərkibində heç bir problem aşkarlanmayıb. Amma problemin iyunun 7-də, 8-də, 9-da baş verdiyi də məlum deyil. Ola bilsin ki, qısa bir vaxtda problem olub, hazırda isə belə bir problem yoxdur. Amma biz bu vəziyyəti nəzarətdə saxlamaq məqsədilə müayinələri davam etdiririk. 10-15 gün ərzində müayinələr mütəmadi olaraq aparılacaq”.
13:54
“Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan uşaq əhalisi arasında mədə-bağırsaq infeksiyasının baş verməsi ilə əlaqədar dərhal operativ qərargah yaradılıb, Səhiyyə Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən əks-epidemik tədbirlər həyata keçirilməyə başlanıb”.
Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, uşaqlardan götürülmüş nümunələrin laborator müayinəsində xəstələrdə “Rotavirus” infeksiyası aşkar edilib.
“Yayılma yolunun, əsasən, su olduğunu nəzərə alaraq infeksiyanın baş verməsinə səbəb paylayıcı su şəbəkəsi ehtimal olunur. Qeyd olunanlarla əlaqədar suyun təmizlənməsi, zərərsizləşdirilməsi tədbirləri ciddi nəzarət götürülüb. Aparılan labotaror müayinələrin sayı artırılıb. Hazırda suyun tərkibi dövlət standartlarının tələblərinə cavab verir.
4 gün ərzində 136 uşaqda infeksiya əlamətləri müşahidə edilib, müayinə və müalicə profilaktik məqsədilə xəstəxanalara hospitallaşdırılan xəstələrə yüksək səviyyədə tibbi yardım göstərilib. Hazırda 46 uşağın stasionar müalicəsi davam edir, vəziyyətləri kafidir və yaxın vaxtlarda evə yazılacaq. İnfeksiya baş verən ərazidə profilaktik tədbirlər, əhali arasında sanitariya-müalicə işləri davam etdirilir”, - deyə məlumatda bildirilir.
Mənbə:> Oxu.Az