Ekspert: Vahid taksi qiymətinin tətbiqi rəqabəti boğacaq
Bakı Nəqliyyat Agentliyinin paytaxtda fəaliyyət göstərən taksilərdə vahid tarifin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinə təklif ünvanlayıb. Agentlik bunu bu sektorda rəqabəti gücləndirmək, müştərilərin hüquqlarını müdafiə etmək üçün edildiyini bildirib.
Oxu.Az-ın məlumatına görə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, vahid tarifin tətbiq edilməsi bu sahədə rəqabəti gücləndirməyəcək, əksinə rəqabəti boğacaq.
Əgər vahid qiymət olacaqsa o zaman həmin sektorda hansı rəqabət danışmaq olar? Taksi xidməti göstərən şirkətlər nədə rəqabət aparacaqlar?
Ekspertin sözlərinə görə, liberal qiymət rəqabətin əsas özəyidir:
“Əslində, taksi xidməti son illər qiymət azalmasının müşahidə edildiyi azsaylı xidmət sektorlarındandır. Etiraf etmək lazımdır ki, bu sahədə lisenziyaların ləğvi daxil olmaqla son 2 ildə xeyli müsbət addımlar atılıb. Nəticədə, bu gün taksi xidməti ölkədə ən liberal və rəqabətin yüksək olduğu sahələrdən birinə çevrilib. Bu özünü son illər aşağı düşən qiymətlərdə də göstərir. Vahid tarif tətbiq ediləcəyi halda isə bu sektorda qazanılan rəqabət bir qərarla boğulacaq.
Buna görə də, taksi xidmətlərinə vahid tarifin tətbiq edilməsi doğru addım deyil. Bu, taksi xidmətlərinin məhdudlaşmasına, şirkətlər arasındakı rəqabətin azalmasına səbəb olacaq”.
V.Bayramov hesab edir ki, bütün bunlar isə taksi şirkətlərinin bağlanmasına gətirib çıxardacaq.
“Əgər tarifin müəyyən edilməsi labüddürsə, bu zaman vahid tarifin yox, maksimum tarifin müəyyənləşdirilməsi lazımdır ki, taksi sürücüləri və şirkətləri maksimum olaraq hansı tariflə xidmət göstərdikləri barədə öz xidmətlərini təklif edə bilərlər. Bu zaman taksi xidməti ilə məşğul olan sürücü və şirkətlərə rəqabət imkanı verilmiş olar”, - deyə ekspert yazıb.
Mənbə:> Oxu.Az