Rayon maşınlarının Bakıya girişinə məhdudiyyət qoyulacaq – VİDEO
IV İslam Həmrəyliyi Oyunları dövründə rayon avtomobillərinin Bakıya daxil olmasına müəyyən məhdudiyyətlər qoyulacaq.
Xezerxeber.az məlumat verir ki, bu məhdudiyyətlər may ayının 1-dən 25-dək davam edəcək. Rayondan gələn nəqliyyat vasitələri paytaxtın şimal girişində, Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində, cənubdan isə Lökbətan dairəsi yaxınlığında, ''Bakı-2015'' Avropa Oyunları öncəsi yaradılmış dayanacaqda saxlanılacaq.
Amma bu o anlama gəlmir ki, rayondan gələn şəxslər şəhərə girə bilməyəcəklər. Həmin şəxslər avtomobili xüsusi mühafizə olunan dayanacaqda saxlayıb, ictimai nəqliyyatla şəhərin istənilən yerinə gedə bilərlər.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, məhdudiyyət Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komisiyasının qərarı ilə saat 7:30-dan 21:00-qədər qüvvədə olacaq.
Oyunlar ərəfəsində gecə paytaxta girib gündüz şəhərdə hərəkətdə olan rayon qeydiyyatlı avtomobillər xidmətdə olan polis əməkdaşları tərəfindən hərəkətdən kənarlaşdırılaraq müvəqqəti duracağa qoyulacaq. Heç bir cərimə yazılmadan axşam vaxtı həmin nəqliyyat vasitəsi şəhərdən çıxarılacaq.
Mənbə:> XəzərXəbər