Bulvarda pulsuz “Wi Fi” istifadəyə verildi
Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai internet” şəbəkəsi istifadəyə verilib. Artıq bu gündən etibarən paytaxt sakinləri və şəhərimizin qonaqları Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı ərazilərində pulsuz internetdən uğurla istifadə edə bilərlər.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, ərazi üzrə 122 qoşulma nöqtəsi mövcuddur ki, bu da təxminən 8 minədək insanın eyni anda internetə çıxışını təmin edir. Tezliklə Dənizkənarı Milli Parkın “Ağ Şəhər” ərazisi də “İctimai internet” şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək.
İlin sonunadək bir sıra parkların da pulsuz internetlə təmin edilməsi nəzərdə tutulub. Bununla yanaşı, Heydər Əliyev Mərkəzinin parkında bu istiqamətdə işlər həyata keçiriləcək.
Mənbə:> AzərTAc