Azərbaycanda internet kafelərə xüsusi tələblər irəli sürüləcək – VİDEO
Artıq oyun disklərinə, televiziya proqramları və digər internet məlumatlarında yaş işarələnməsi qoyulacaq. İnternet kafelərdə də uşaqlar üçün xüsusi kompüterlər ayrılacaq.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bununla bağlı qanun layihəsi hazırlayıb.
Belə ki, bu məkanlara müraciət edən uşaqlar ancaq xüsusi proqramlaşdırılmış kompüterlərdən istifadə edəcək və zərərli informasiyaların olduğu saytlara girə bilməyəcəklər.
Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov bununla bağlı qanun layihəsinin hazırlandığını bildirib.
Komitə nümayəndəsi bildirir ki, qanun layihəsinin məqsədi uşaqların internetdə qarşılaşacağı zərərli informasiyadan qorunmasıdır. Həmçinin oyun disklərində, televiziya proqramlarında da informasiyanın hansı yaşa uyğun olduğu işarələnəcək. Bu təcrübə artıq bir çox ölkə tərəfindən tətbiq edilir.
Qanun layihəsi qəbul olunarsa, bu tələbləri yerinə yetirməyənlər inzibati məsuliyyət daşıyacaq.
Mənbə:> Oxu.az