Bakıda yaşayış binalarının həyətinə də parkomat qoydular – FOTO
Bakı Şəhər İcra Hakimiyyəti şəhərin bir çox yerlərində nəqliyyat vasitələrinin parklanması üçün nəzərdə tutulan sahələrə parkomatlar quraşdırır.
Aznews.info avtosfer.az-a istinadən xəbər verir ki, bəzən həmin parkomatların dayanma-durma qadağan olunan yerlərə quraşdırılmasının da şahidi oluruq. İcra Hakimiyyətinin bu addımı həm gülünc, həm də qanunsuzdur.
Şəhərdə avtomobillərin sıx hərəkəti olmayan küçələrdə (ara küçələrdə) avtomobili saxlamaq istəyən kimi adamın gözünə, ilk növbədə, parkomat dəyir. Bu isə sadəcə biabırçılıqdır.
Belə biabırçı parkomatlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi (XTAİ) tərəfindən Qara Qarayev prospektində yerləşən binaların birinin həyətində quraşdırılıb. Binalarda yaşayan sakinlər isə bundan narahatlıqlarını bildirirlər.
Onların verdiyi məlumata görə, orada yaşayan sakinlərin və onların evinə gələn qonaqların parkomata pul ödəməsi gülüncdür: “Bəs binanın həyəti nə üçündür? Heç kimə lazım olmayan bu parkomatlar dərhal sökülməlidir. Yaxşı olardı ki, yollara parkomat qoymaqdansa, ağac əkərək təbiəti və ekologiyanı gözəlləşdirsinlər”.
Mənbə:> Avtosfer.az