“Eurovision - 2017”-nin biletlərinin satışı dayandırılıb
Ukraynanın İnhisarçılıq Əleyhinə Komitəsi “Eurovision - 2017” musiqi müsabiqəsinə biletlərinin rəsmi satışının seçilməsi üçün elan edilən tenderin nəticələrini ləğv edib. Bununla əlaqədar bilet satışı dayandırılıb.
Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Milli İctimai Teleradio Şirkətinin baş direktorunun müavini Pavel Qritsak bildirib.
Onun sözlərinə görə, İnhisarçılıq Əleyhinə Komitə tenderin nəticələrinin ləğvinə dair qərarı tenderin digər iştirakçılarının şikayətindən sonra qəbul edib. Tenderdə “V Tiket” (Concert.ua) şirkəti qalib gəlmişdi.
“Bu qərarla razı olduğumuzu deyə bilmərik, ona görə də yaranan vəziyyəti həll etmək üçün variantlar axtarırıq ki, biletlərin satışını mümkün qədər tez başlayaq. Ümid edirik ki, biletlər tezliklə satışa çıxarılacaq”, - Qritsak bildirib.
Xatırladaq ki, “Eurovision-2017” mahnı müsabiqəsi 9, 11, 13 may tarixlərində Kiyevdə keçiriləcək.
Azərbaycanı müsabiqədə Diana Hacıyeva təmsil edəcək.
Mənbə:> Oxu.az