Saxta yol polisləri sürücünü aldadaraq avtomobilini əlindən alıblar – VİDEO
Bərdə rayon sakini Ramin Nəsibovun 2014-cü ildə aldığı avtomobil sonradan başqasına satılıb. Hər şey 1500 manata yaxın cərimənin yığılmasından sonra başlayıb.
Oxu.Az-ın Xəzərxəbərə istinadən məlumatına görə, özünü müvafiq olaraq polis və vəkil kimi təqdim edən Rəşad və Seymur adlı şəxslər Ramin Nəsibovla cərimələrlə bağlı söhbət etmək üçün əvvəlcə Bərdədə görüşüblər.
Görüş zamanı ona deyilib ki, avtomobilin əsl sahibi etibarnaməni ləğv etdirib. Məsələni araşdırmaq üçün avtomobilin sahibi ilə Bakıda görüşəcəklərini vəd veriblər. Ramin Nəsibov paytaxta gələndə başqa mənzərə ilə qarşılaşıb.
Avtomobilini tapa bilməyən Ramin Nəsibov hüquq-mühafizə orqanlarına şikayət edib. Araşdırmalar zamanı məlum olub ki, avtomobil sonradan Sumqayıt şəhərində yaşayan bir hərbçiyə satılıb. İşin istintaqını aparan müstəntiq Simran Əsədullayev hazırda məsələnin araşdırıldığını deyib.
Ramin Nəsibov iddia edir ki, onu aldadanların, eləcə də avtomobilin satıldığı Sumqayıt sakininin şəxsiyyəti məlum olsa da, hələ də avtomobilini geri ala bilmir.
Məsələnin təfərrüatları araşdırmalardan sonra məlum olacaq.
Mənbə:> Oxu.az