Quba RİH: Nurayı xalasından almaq mümkün olmayıb
“Quba Rayon Məhkəməsinin qərarına baxmayaraq, 10 yaşlı Nuray Bayramzadə hazırda xalasındadır”.
Aznews.info xəbər verir ki, bunu “Report”a açıqlamasında Quba Rayon İcra Hakimiyyətinin (RİH) aparıcı məsləhətçi, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Elşad Əliyev deyib.
O bildirib ki, uşağın 10 yaşı təzəlikcə tamam olub:
“Düzdür, hazırda məhkəmə qərarı qüvvədədir. Amma onun 10 yaşı tamam olubsa, qanunvericiliyə uyğun olaraq fikri nəzərə alınır, yəni, yenidən məhkəməyə müraciət etmək mümkündür”.
Elşad Əliyev sosial şəbəkələrdə yer alan görüntülərə də münasibət bildirib:
“Məhkəmə qətnaməsi olubsa, onu icra etmək lazım idi. Məhkəmə qətnamə qəbul edib ki, uşaq atasına verilsin. Amma Nurayı xalasından almaq mümkün olmayıb. Sonda yenə də uşağın fikrinə uyğun hərəkət edilib, yəni, o, hazırda xalasının yanındadır”.
Mənbə:> Report.az