İtkin düşən nefçilərin axtarışı davam edir
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” prezidentin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi (FHN), Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Axtarış-xilasetmə Qərargahından Oxu.Az-a verilən məlumata görə, Müdafiə Nazirliyi, FHN, Dövlət Sərhəd Xidməti, SOCAR və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları, FHN-in Regional Mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyəti də daxil olmaqla, ümumilikdə 700-dən artıq canlı qüvvə və nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıcları cəlb edilməklə, uzunluğu 145 km, eni isə 120 km olan geniş ərazidə fasiləsiz olaraq axtarış-xilasetmə əməliyyatları davam etdirilməkdədir.
İlk gündən axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz “ROV” sualtı aparatlar quraşdırılan “Məmməd Süleymanov”, “Təbriz Xəlilbəyli” axtarış-xilasetmə gəmiləri, uçmuş estakadaların ərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını davam etdirməkdədir.
Axtarış-xilasetmə əməliyyatları zamanı, uçan estakadaya aid olduğu ehtimal edilən 100 çeşiddən artıq əşya tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Mənbə:> Oxu.az