İtkin düşən neftçilərlə bağlı son məlumat
Xəzərdə itkin düşən neftçilərlə bağlı yaradılan qərargahın rəhbərliyi hadisə yerində olublar.
Oxu.Az xəbər verir ki, qərargahın yaydığı xəbərdə bildirilir ki, Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Bu gün Axtarış-xilasetmə Qərargahının rəhbər heyət üzvləri hadisə yerində olub, həyata keçirilən xilasetmə tədbirləri ilə yaxından tanış olublar.
Qərargahın rəhbər heyət üzvlərinin verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntıların istiqaməti, sürəti bir daha təhlil olunub və axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib. Axtarış-xilasetmə əməliyyatlarının, uzunluğu 125 km, eni isə 108 km olan geniş ərazidə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Mənbə:> Oxu.az