Bakıda itin üstünə benzin tökərək od vurublar – FOTO
Sabunçu rayonu Balaxanı qəsəbəsində insanlığa sığmayan bir addım atılıb.
Oxu.Az xəbər verir ki, qaynarinfo.az-a daxil olan məlumata görə, Balaxanı sakini küçə itinin üstünə benzin tökərək yandırmaq istəyib. Digər sakinlərin bu cəhdin qarşısını alması nəticəsində itin həyatını xilas etmək mümkün olub. Daha sonra iti yandırmağa cəhd göstərən şəxs acığa düşərək sakinlərin yanında Balaxanı bələdiyyəsinə zəng edib və qəsəbə ərazisində yaşayan itlərin məhv edilməsini tələb edib.
Qeyd edək ki, həmin sakinin əlaqə saxladığı bələdiyyə işçisi bu şəxsin yaxın qohumudur. Bələdiyyə işçisi olan Arazxanım adlı məsul şəxs sakinin istəyinə müsbət cavab verərək yaxın günlərdə itlərin bələdiyyə orqanı tərəfindən məhv ediləcəyini bildirib. Bundan sonra, sakinlər Balaxanı bələdiyyəsinə zəng edərək Arazxanım adlı həmin bələdiyyə işçisinə etirazlarını bildiriblər. O isə cavabında sakinlərə ərazidə yaşayan itləri məhv edəcəklərini və heç kimin bunun qarşısını ala bilməyəcəyini bildirib.
Balaxanı qəsəbəsi sakinləri bildiriblər ki, bununla əlaqədar sabah saat 10-da Sabunçu rayon İcra Hakimiyyəti qarşısında toplaşacaqlar.
Qeyd edək ki, Azərbaycan 2007-ci ildən heyvanlara humanist münasibəti tələb edən konvensiyaya qoşulduqdan sonra itlərin öldürülməsi rəsmən dayandırılıb. Heyvanlarla qəddar davrananlara, onları şikəst edən və ya öldürənlərə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr 25 manatdan 500 manata qaldırılıb. Lakin buna baxmayaraq, bu sahədə vəziyyət hələ də ürəkaçan səviyyədə deyil.
Mənbə:> Qaynarinfo.az