Baş nazirin müavini: Xəzərdə baş verən faciə təbii fəlakətdir
Bu il dekabrın 15-də Xəzər dənizində itkin düşən neftçilərin axtarışı üçün 200 nəfərə yaxın xilasedici və 6 ədəd vertolyot cəlb olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Ölkə.Az-a eksklüziv açıqlamasında Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov məlumat verib.
Baş nazirin müavini bildirib ki, xilasetmə işlərinə Dövlət Sərhəd Xidməti (DSX), Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Neft Şirkətinin (ARDNŞ) gəmiləri cəlb edilib.
Onun sözlərinə görə, hazırda həmin gəmilərlə Xəzər dənizində ciddi axtarış işləri həyata keçirilir:
“Təkcə xilasetmə işlərinə bu qədər insanın və 6 vertolyotun cəlb olunması Azərbaycan dövlətinin məsələyə nə qədər ciddi və həssas yanaşdığını bir daha göstərir. Allah hamımıza kömək olsun! Bu hadisə gözlənilməz oldu, təbii fəlakətdir. Bu gün dünyanın ayrı-ayrı ölkələrində nə qədər təyyarələr qəzaya uğrayır, suya düşür, minlərlə insan həlak olur, itkin düşür. Onların meyitlərini illərlə, aylarla axtarıb tapa bilmirlər. Allah etsin ki, Xəzərdə itkin düşənlər tezliklə tapılsın. Bir də Allahdan arzumuz odur ki, bu cür hadisələr bir daha təkrar olunmasın. Çünki bu cür hadisələr hamımızı sarsıdır”.
Xatırladaq ki, bu il dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin 10 nəfər növbədə olan əməkdaşı itkin düşüb.
Mənbə:> Oxu.az