Cəzalar sərtləşdirilir: Kimləri həbs gözləyir?
Azərbaycanda aksiz markası ilə markalanmalı olan məhsulların nağd qaydada satılması ilə bağlı cəzalar sərtləşdirilib.
Report xəbər verir ki, bununa bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.
Cinayət Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (mallar) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda almaya görə 1000 manatdan 2000 manatadək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
İnzibati Xətalar Məcəlləsində təklif edilən dəyişikliyə əsasən isə pərakəndə satış istisna olmaqla aksiz markası ilə markalanmalı olan məhsulları (mallar) nağd qaydada az miqdarda satılması, belə məhsulları satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə 100 manat məbləğində cərimə ediləcək.
Layihə səs verməyə çıxarılaraq qəbul olunub.
Mənbə:> Report