Azərbaycanda əhali arasında respirator infeksiyalar yayılıb
“Azərbaycanda hazırda heç bir təhlükəli qrip virusu aşkar edilməyib. İndi sadəcə respirator infeksiyalar daha çox yayılıb. Sırf soyuqdəymələrin bir az ağır forması müşahidə olunur”.
Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Qrip laboratoriyasının müdiri Almaz Əsədova deyib.
Onun sözlərinə görə, hər il yayılan virusların növü dəyişir:
“Lakin hazırda ölkədə heç bir təhlükəli virus aşkarlanmayıb. Sadəcə, mövsümə uyğun olaraq, soyuqdəymələrin sayında artım olur. Çünki qriplərin törədiciləri olduğu halda, bu göstərici soyuqdəymələrə şamil edilmir. Belə olan halda yuxarı tənəffüs yolları soyuqlayır və immunitet azalır. Soyuqdəymələrdən də ən çox yaşlı nəsil və uşaqlar əziyyət çəkir. Buna səbəb onların xəstəliyə qarşı həssas olmalarıdır. Ona görə də bu mövsümdə insanların daha çox meyvə-tərəvəz və maye qəbul etmələri məsləhət görülür”.
A.Əsədova qeyd edib ki, özlərini pis hiss edən xəstə insanlar evdən çıxmamalıdırlar:
“Yataq rejimi mütləq lazımdır. Zoğallı və limonlu çay içərək bədəndəki toksik maddələrin çıxmasına kömək edilməlidir. Soyuqdəymə keçici deyil. Sadəcə, bir insan çox asqırırsa, onun otağı mütləq ayrılmalıdır. Çünki bu, hava-damcı yolu ilə keçir. Otağın havası tez-tez dəyişilməlidir. Xəstəyə qulluq edən şəxs maska taxmalıdır. Bizim ölkədə maska taxmaqdan utanırlar. Buna ehtiyac yoxdur. Xəstə olan halda öpüşüb-görüşməyi də tərgitmək, tərkibi “C” vitamini ilə zəngin olan qidaları çox qəbul etmək lazımdır. Yaxud hər səhər xırda-xırda limon doğranıb bala qatılmış qatışığı bir çay qaşığı qəbul etmək məsləhətdir. Bütün bu qabaqlayıcı tədbirləri görməklə immuniteti qaldırmaq mümkündür.
Bir faktı da qeyd edim ki, 38 dərəcə qızdırma təhlükəli deyil. Yəni, bu temperatura qədər insan orqanizmində müqavimət gedir. Lakin 38-dən yuxarı olan qızdırma zamanı mütləq şəkildə həkimə müraciət etmək lazımdır”.
Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasının laboratoriya müdiri Musa Cahanov isə bildirib ki, qrip müayinələrinin mövsümü oktyabr ayının 1-dən başlayır:
“Həmin tarixdən bu günə qədər stansiyaya respublikanın müxtəlif şəhər və rayonlarından mövsümi qriplə əlaqədar təxminən 208 şübhəli yaxma nümunəsi daxil olub, lakin onların heç birində təhlükəli virus aşkar edilməyib”.
Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev isə hazırda ölkədə həm qripə yoluxma halları, həm də epidemioloji baxımdan narahatedici vəziyyətin olmadığını bildirib.
Mənbə:> Oxu.az