Keçmiş polis rəisinin həyat yoldaşının dələduzluğu ailəni pərən-pərən saldı
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rahib Salmanov sədrlik edib.
“Bütün bu əməllərin hamısını arvadım törədib”
Prosesdə şahid qismində təqsirləndirilən Leyla Əkbərovanın həyat yoldaşı, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin sabiq rəisi Mahir Əkbərov ifadə verib. O, ifadəsində həyat yoldaşı Leyla Əhmədovadan üç il öncə boşandığını, birgə nikahdan 3 uşaqları olduğunu deyib: ”Leyla 18 aydır ki, “içəridə”dir. Uşaqlara mən baxıram. Övladımın biri birinci qrup əlildir. Ayda 1000 manat verib ona baxıcı tutmuşam. Boşanmağımızın səbəbi bu söz-söhbətlər olub. Ya əlimdən xata çıxacaqdı, ya da boşanmalıydım. Başqa çarəm yox idi. Bütün bu əməllərin hamısını Leyla törədib. Böyük qızım Fidan zərərçəkmiş Anarənin qardaşı ilə nişanlı olub. Bütün bu problemlər də bundan sonra yaşanıb. Oğlan işləmirdi, ona maşın aldım, hələ də həmin krediti ödəyirəm. Görəndə ki, yenə işləmək istəmir, maşını əlindən aldım. Ortaya bu pul söhbətləri çıxdı”.
“Söz-söhbətdən bezdim, uşaqları da götürüb evdən çıxdım”
Şahid ifadəsində deyib ki, yaranmış söz-söhbətlərdən bezdiyinə görə başını götürüb evdən çıxıb: ”Artıq bezmişdim. Kim kimdən hansı məqsədlə pul alıb söhbəti canımı boğazıma yığmışdı. Bunların işi “qarğa bazarı”na dönmüşdü. Evi də Leyla verib uşaqları da götürüb getdim. Amma boşansam da, xeyri olmadı, ev də satıldı. Şər, böhtan, biabırçılıq. Davamlı olaraq zəng vurur, deyirdilər ki, arvadın bizdən pul alıb, işə düzəldəcəyinə söz verib. Yeganəyə 20 min verdim, bir başqası gəlib 12 min manat apardı. Banklara nə qədər borcum var. “Kapital bank”a nə qədər kreditim var. İstəsəniz, sorğu göndərib araşdıra bilərsiniz”.
“O birisini də tutub salsınlar bunun yanına”
Dövlət ittihamçısının suallarını cavablandıran şahid bir daha arvadının əməllərindən xəbərsiz olduğunu deyib: “Kim nə məqsədlə pul alıb, niyə alıb, mən bilmirəm. O, Rəsmiyyəni də tutub salsınlar bunun yanına, araşdırsınlar”.
Zərərçəkmiş Dəyanət Məmmədovu universitetə düzəltmək üçün ondan 12 min manat alıb-almaması sualına şahid “mən təhsil naziri deyiləm, rektor deyiləm, tək o deyil, yüzlərlə yalan var” deməklə kifayətlənib.
“Şahid yalan danışır”
Şahidin ifadəsi zalda əyləşən zərərçəkmişlərin etirazına səbəb olub. Zərərçəkmiş Dəyanət Məmmədov şahidin yalan danışdığını deyib: ”İkinci ali təhsil almaq istəyirdim. Dövlət İdarəçilik Akademiyasına düzəltmək üçün Mahir məndən 12 min manat istədi. Pulu şəxsən “Arpaçay” kafesində onun özünə vermişəm. Bunu sübut edəcək telefon danışıqları, mesajlar da var. Amma iş düzəlmədi. Sonra isə dedi ki, pulu restoranının sənədlərini düzəltməyə xərcləyib”.
“Bunları təsdiq edən telefon danışıqları, mesajlar var”
D.Məmmədovun həyat yoldaşı Anarə Məmmədova onun dediklərini təsdiqləyib: ”Leylagillə bir yerdə Şamaxıya istirahətə getmişdik. Mahir bilirdi ki, yoldaşım ikinci ali təhsil almaq istəyir. Leyla Mahirin anasının tanışları olduğunu dedi. Həmin vaxt Mahirin anası Almaniyada idi. Mahir telefonda anası ilə danışdı. Dedi ki, anam gəlib həll edəcək. Bütün bu dediklərimi sübut edəcək telefon danışıqları, “WhatsApp” mesajları var, hamısını məhkəməyə təqdim edəcəyik”.
Keçmiş ərinin günahsız olduğunu sübut etməyə çalışan L.Əhmədova “Mahiri bu zülmə mən salmışam. Bütün günahlar məndədir” deyib.
Zərərçəkmişlər L.Əhmədovanın yalan danışdığını deyiblər: ”O, qorxduğu üçün belə deyir. Ərini məsuliyyətdən kənarlaşdırmaq istəyir. Tək bizə yox, respublikanın yarısına pul atıb”.
Qeyd edək ki, L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.
Əvvəllər 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova dələduzluq söhbətləri ortaya çıxandan sonra əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyib. O, pasportunu dəyişdirərkən “ASAN Xidmət”də saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.
Məhkəmə prosesi dekabrın 15-də davam edəcək.
L.Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. İş üzrə 10 nəfərdən çox zərərçəkmiş var.
Mənbə:> Virtualaz.org