“Bakı Metropoliteni”ndən nümunəvi addım – FOTO
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində talassemiyalı xəstələrə qanvermə kampaniyası keçirilib.
Cəmiyyətin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, aksiya metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilib. Qan bankının əməkdaşları həyata keçirdiyi aksiyada iştirak etmək istəyən metropolitençilərin sayı çox olduğu üçün kampaniya iki gün müddətində təşkil olunub.
Fevralın 10-da "Bakı Metropoliteni" QSC-nin texnoloji korpusu və idarə aparatı binasında, ayın 11-də isə müəssisənin "Nərimanov" elektrik deposunda təşkil olunan qanvermə aksiyasında 200-dən artıq işçi iştirak edib. Bakı Metropolitenində iki gün davam edən qanvermə aksiyasında toplanmış qan Mərkəzi Qan Bankına təhvil verilib.
Qeyd edək ki, talassemiya qanın rəng göstəricisi ilə əlaqədar olan irsi xəstəlikdir. Bu xəstəlik zamanı bir çox hallarda qanda zülalın miqdarı yüksəlir, dalaq böyümüş olur. Talassemiya uşaqlarda erkən təzahür etdikdə onun fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə səbəb olur. Belə uşaqlarda bir qədər sarılıq müşahidə olunur, tez-tez yoluxucu xəstəliklərə yoluxurlar. Ağır hallarda həyatlarını itirir, orta ağır hallarda isə uşaqlar yetkin yaşına qədər yaşaya bilirlər. Talassemiya müalicə olunmayan xəstəlikdir, yalnız xəstəyə qan köçürməklə onun vəziyyətini yaxşılaşdırmaq mümkündür. Bu cür xəstələrə dövlət səviyyəsində qayğı göstərilir. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” qanunu qəbul etməklə dövlət üzərinə bir sıra vəzifələr götürüb.
Mənbə:> ANSPRESS