ANS binadan çıxarılır
ANS Şirkətlər Qrupunun fəaliyyəti dayandırılsa da, telekompaniya ətrafında qalmaqallar səngimək bilmir. Bəzi məlumatlara görə, ANS-in ərazisi Zoologiya İnstitutuna məxsus olduğundan onun tezliklə geri alınacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az-a açıqlamasında ərazinin geri alınması ilə bağlı, iddiaçı qismində ola bilmədiklərini bildirib.
“Həmin ərazini geri qaytarmaq məsələsi tamamilə bizim nəzarətimizdən kənardadır. Ərazini geri almaq səlahiyyətimiz yoxdur. Elmlər Akademiyasının prezidenti, İşlər İdarəsi, Rəyasət Heyəti var. Bu məsələləri onlar həyata keçirə bilər”.
İnstitutun direktorunun sözlərinə görə, ANS-ın məskunlaşdığı əraziyə Əmlak Məsələləri Dövlət Komitəsi nəzarət edib.
“Bütün əmlak dövlətə məxsusdur. Zoologiya İnstitutu da dövlət müəssisəsidir. ANS-lə icarə müqaviləsini Əmlak Məsələləri Dövlət Komitəsi bağlamışdı. Artıq Dövlət Komitəsi ilə ANS Şirkətlər Qrupu arasında müqavilənin vaxtı bitib. Şirkət ləğv olunduğuna görə, Əmlak Komitəsi də həmin müqaviləni ləğv edib. Buna baxmayaraq, onlar hələ də həmin ərazidədirlər. Qapılar möhürlənib, bağlanıb. Ərazi polis nəzarəti altındadır”.
Əmlak Məsələləri Dövlət Komitəsindən isə Modern.az-a bildirilib ki, obyekt də, idarəçilik də Zoologiya İnstitutuna məxsusdur. Adıçəkilən ərazinin geri qaytarılmasına da nəzarət institutun iş prinsipinə daxildir.
Qeyd edək ki, ANS-in yayımı bu ilin 18 iyulunda dayandırılıb.
Mənbə:> Oxu.az